Advertisment

Dövlət Teatr Muzeyində Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

Noyabrın 4-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Vətən deyib döyüşdük, Zəfərlə geri döndük!” adlı tədbir keçirildi.

Muzeydən Herbiand.az-a bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə təşkil olunan bu tədbir Zəfər salnaməmizin yazıldığı şanlı tarixi təbliğ etmək məqsədilə hazırlanıb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Vətən uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə muzeyin elmi katibi Şəhla Məmmədova və muzeyin əməkdaşı Türkan Əliyeva çıxış edərək bizi Zəfərə doğru aparan 44 günlük Vətən müharibəsindən danışıblar.

Sonra muzey əməkdaşları tərəfindən hazırlanmış müharibə həqiqətlərindən, ordumuzun qələbə əzmindən, eləcə də “Böyük Qayıdış”dan bəhs edən videoçarxlar nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsində qazilər Hüseyn Məmmədov və Nahid Ağayev rəşadətli ordumuzun gücü və xalqımızın bir amal uğrunda səfərbərliyi sayəsində əldə edilmiş parlaq qələbəmizdən söz açıblar.

Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Cəlal Səmədov, Rauf Məmmədzadə, Məryəm Babayeva, Hidayət Sadıqbəyli, Nigar Süleymanova vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Həmçinin fortepianoda Ərtoğrul Balayevin müşayiəti ilə Atilla Məmmədli sözləri Xalq şairi Nəbi Xəzriyə, musiqisi SSRİ Xalq Artisti Müslüm Maqomayevə məxsus “Azərbaycan” mahnısını səsləndirib.