Fransa Hərbi Dəniz Qüvvələri 3-cü nəsil sualtı qayıqlardan atılan qitələrarası ballistik raketləri qəbul edib.
Herbiand.az bildirir ki, M51.3 sursatları “Triumfan” (Le Triomphant) sinifli strateji nüvə sualtı qayıqlarında yerləşdirilib.
ArianeGroup tərəfindən hazırlanan və istehsal edilən M51 qitələrarası ballistik raket ailəsi Fransanın “Triumfan” sinifli nüvə sualtı qayıqlarının əsas silahıdır. 2010-cu ildə xidmətə başlayan M51, əvvəlki M45 qitələrarası ballistik raketi əvəz edib və o vaxtdan bəri bir neçə dəfə modernləşdirilib. Təxminən 53 ton ağırlığında, 12-13 metr uzunluğunda olan üç mərhələli, bərk yanacaqlı raketdir. Yeni M51.3 modifikasiyasının uçuş məsafəsi 9000 km-dən çoxdur.
Raketlərin 2040-cı illərin sonlarına qədər xidmət edəcəyi gözlənilir.
Bəxtiyar CƏFƏRLİ