Advertisment

Rusiya ardıcıl ikinci il ordu oyunlarından imtina etdi

Rusiya artıq ikinci ildir ki, hərbi hissələrin “Ordu oyunları” beynəlxalq yarışlarını keçirməyəcək.

Herbiand.az xəbər verir ki, bu barədə “İzvestiya”ya üç məlumatlı mənbə bildirib.

Onların sözlərinə görə, adətən birinci yarımillikdə birlik, birləşmə, ordu, donanma və rayonlar səviyyəsində keçirilən təsnifat yarışları Müdafiə Nazirliyi tərəfindən təşkil olunmayacaq.

Nazirlik keçən il də “Ordu oyunları”nı ləğv etmiş və 2024-cü ildə keçiriləcəyini vəd etmişdi. Onda bu qərarı beynəlxalq tədbirin iki ildən bir keçirilməsi ilə izah etmişdilər.

Plexanov adına Rusiya İqtisad Universitetinin dosenti, polkovnik Aleksandr Perendjiyev deyib ki, bu oyunların özü çoxlu sayda hərbçini tapşırıqları yerinə yetirməkdən yayındırır: “İndi isə vəziyyət gərgindir. ABŞ və NATO getdikcə Rusiya ilə münaqişəyə cəlb olunur, bunun nəyə gətirib çıxaracağı məlum deyil”.

Beynəlxalq Ordu Oyunları müxtəlif dövlətlərin silahlı qüvvələrinin bölmələri arasında keçirilən kompleks yarışlardır. Bu yarış 2015-ci ildən keçirilməyə başlayıb. Sonuncu dəfə müsabiqə 2022-ci ilin yayında keçirilib. Həmin vaxt 38 ölkədən nümayəndə iştirak edib.

Qeyd edək ki, Ukraynada iki ildən artıq davam edən müharibədə Rusiya, ümumilikdə 15 945 ədəd hərbi texnika itirib.

Bəxtiyar CƏFƏRLİ