Aprelin 21-də “İnnovativ Progress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “İnnovativ düşüncə: İnkişafa doğru addımlar” adlı konfrans keçirilib.
Konfransda Azərbaycanın və Qazaxıstanın tanınmış ekspertləri, mütəxəssisləri, QHT-lərin sədrləri və qadın sahibkarlar iştirak ediblər.
Tədbir Azərbaycan himni və şəhidlərin ruhuna 1 dəqiqəlik sükutla başlayıb.
“İnnovativ Progress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva “Məişət zorakılığına məruz qalan qadınların və uşaqların inkişafa doğru yolu” mövzusuna aid müzakirəni açıq elan edib.
Konfransda Qazaxıstanın QHT sədrləri Aliyə Saginbayeva və Saule Musina, Azərbaycanın QHT sədrləri Zülfiyyə Nuriyeva, Mehriban Abdullayeva, Rüxsarə Axundova, Firuzə Cəlilova, Zeynəb Hacıyeva, Tünzalə Əzimova, HR üzrə təlimçi Leyla Əsədullayeva,Tədris mərkəzi rəhbəri Cəmalə Naxçıvani, “Landau”məktəbinin müəllimi Xəyalə Şabanova, Avropa Gənclər Parlamentin üzvü məktəbli Leyla Naxçıvani və qadın sahibkarlar iştirak ediblər.
Konfransda innovativ düşüncə ilə sosial-iqtisadi inkişafın yolları, qadınların cəmiyyətdəki rolu və qadınlara qarşı zorakılıq kimi vacib mövzular ətrafında geniş müzakirələr aparılıb. Tədbir həm praktiki, həm də nəzəri baxımdan zəngin çıxışlarla yadda qalıb. Mütəxəssislər cəmiyyətin dayanıqlı inkişafına aparan yollar, gənclərin innovasiyaya cəlb olunması, eləcə də gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində mühüm fikirlər səsləndirib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və gələcək layihələr üçün əməkdaşlıq imkanları müzakirə edilib. Konfrans iştirakçıları arasında həm akademik, həm də ictimai fəal şəxslərin olması tədbirin interaktivliyini və müzakirələrin dərinliyini daha da artırıb.
Bu kimi tədbirlər, birliyin cəmiyyətimizdə sosial şüurun formalaşdırılması, ekoloji və innovativ düşüncə tərzinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərin davamıdır.
Konfrans və gənc qadın rəssamların rəsm sərgisi Azərbaycan Milli QHT Forumunun zalında keçirilib.
Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskandarliyə təşkilatçılıqda göstərdiyi böyük əmək və dəstəyə görə dərin təşəkkürlərimizi bildiririk.