Advertisment

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda A və B növü vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat elan edilib.

DİM-dən Herbiand.az-a bildirilib ki, test imtahanları noyabrın 5-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC, eləcə də B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək.

İmtahanlar elektron formada kompüter vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. BA və BB qruplarına uyğun vəzifələr üzrə imtahan saat 10:00-da, AB və AC qruplarına uyğun vəzifələr üzrə isə saat 16:00-da başlayacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 22-dək davam edəcək.

Namizədlər qeydiyyatdan keçmək üçün DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Şəxsi kabineti olmayan namizədlər əvvəlcə kabinet yaratmalı, daha sonra imtahanda iştirak haqqını ödəməlidirlər.

Qeydiyyat şəxsi kabinet yaradıldıqdan və müvafiq məbləğ hesaba daxil edildikdən sonra DİM-in “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” platforması vasitəsilə həyata keçirilir.

Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən namizədin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahanlarda iştirak üçün ödəniş tarifləri və qeydiyyatla bağlı ətraflı məlumat DİM-in rəsmi internet saytında yerləşdirilib.