İndiyədək Neftaçala Sənaye Məhəlləsininin rezidentləri tərəfindən 230 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payına düşür.
Bu barədə Herbiand.az -a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Qeyd edilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC tərəfindən Türkmənistana növbəti dəfə 100 ton həcmində elektrod məhsulunun ixracı baş tutub. Ümumilikdə şirkət tərəfindən Türkmənistana mərhələli şəkildə 600 ton həcmində məhsul göndəriləcək.
Məlumata görə, şirkət 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və müəssisədə hazırda 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Növbəti mərhələdə müəssisədə paslanmaz və alüminium elektrodların istehsalına başlanılması nəzərdə tutulur.
Azərbaycanın yeganə elektrod istehsalçısı olan müəssisənin aylıq istehsal gücü 330 tondur. İnvestisiya dəyəri 7,5 milyon manat olan müəssisədə 20 nəfərdən artıq daimi iş yeri yaradılıb.
Neftçala Sənaye Məhəlləsi ölkədə yaradılmış ilk sənaye məhəlləsidir. Belə ki Sənaye Məhəlləsi dövlət başçısının 2015-ci il 2 fevral tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsi 2017-ci ilin sentyabrından fəaliyyət göstərir. Ərazisi 10 hektar təşkil edir və Məhəllənin ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib. Sənaye Məhəlləsinin də əsas fəaliyyət istiqamətləri kimi balıqçılıq, qida sənayesi, avtomobil, yem istehsalı və s. məhsulların istehsalı nəzərdə tutulub.
Məhəllədə investisiya porfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib, bunlardan 5-i fəaliyyət göstərir.
Sahibkarlar tərəfindən görülmüş işlərə 50 milyon manata yaxın investisiya yatırılıb, 300 nəfərdən çox daimi iş yeri yaradılıb.
İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made İn Azerbaijan” brendi adı altında İraqa, Türkmənistana, Özbəkistana, Qırğız Respublikasına və s ölkələrə ixrac edilib. Əsasən Sənaye Məhəlləsində istehsal edilən balıq yemi, elektrod kimi məhsulların ixracı həyata keçirilib.