Üç il Ukrayna Silahlı Qüvvələrində döyüşmüş ABŞ-ın vitse-prezidenti Jey Di Vensin əmisi oğlu Neyt Vens Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bəyan edib ki, ABŞ başqa reallıqda yaşayır və Ukrayna münaqişəsindən dərs almır.
Herbiand.az bildirir ki, onun sözlərinə görə, Ukraynadakı döyüşlərin iştirakçısı kimi, ABŞ-da hələ də heç kim müasir müharibə ilə bağlı məsləhət almaq üçün ona müraciət etməyib.
Eyni zamanda, Neyt Vens Amerikanın hərbi sənaye kompleksindən narazılığını bildirib: “Biz pis istehsal edirik. Əgər Çinlə müharibəyə girsək, bu, böyük problem olacaq”.
Müasir döyüş meydanı silahlarına gəlincə, onun fikrincə, Ukrayna münaqişəsinin döyüş meydanında bir nömrəli silaha çevrilmiş pilotsuz uçuş aparatları yeni döyüş üsulu hesab edilməməlidir. Neytin sözlərinə görə, PUA-lar sadəcə olaraq sursatların çatdırılması üçün vasitədir. O, dronları uzaq mənzilli artilleriya ilə müqayisə edib.
ABŞ-ın müdafiə sənayesi potensialından danışan Vens əmin olduğunu bildirib ki, məhz Amerika hərbi istehsalının çatışmazlıqları Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında faciəsinə səbəb olub.
Bəxtiyar CƏFƏRLİ