Advertisment

Nehrəm qəsəbəsində şəhid Məmmədov Zamin Allahverdi oğlunun adına bulağın açılışı olub

Nehrəm qəsəbəsində şəhid Məmmədov Zamin Allahverdi oğlunun adına bulağın açılışı olub.

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, tədbirdə Babək Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı və qəsəbə sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova şəhidlərin qəhrəmanlığından danışaraq bildirib ki, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini daim əziz tutmaq hər birimizin mənəvi borcudur. O, şəhid ailələrinə göstərilən dövlət qayğısının Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Digər çıxış edənlər də şəhid Məmmədov Zamin Allahverdi oğlunun şərəfli həyat yolundan, döyüş yolundakı fədakarlıqlarından və vətənpərvərliyindən söz açaraq onun hər bir gənc üçün örnək olduğunu qeyd ediblər. Onlar şəhidlərin adının daim uca tutulduğunu və xalqımızın yaddaşında əbədi yaşadığını bildiriblər.

Tədbirdən sonra iştirakçılar şəhidimizin məzarını ziyarət edib, gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi