44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Bu müharibədə düşmən mifləri darmadağın edildi, torpaqlarımız işğaldan azad olundu. Qələbəni bizə yaşadanlar arasında adları qızıl hərflərlə yazılan igidlərimizdən biri də mayor Rahib Babayev idi.
1985-ci ilin 19 iyununda Şahbuz rayonunun Külüs kəndində doğulan Rahib uşaqlıqdan vətənpərvərliyi ilə seçilirdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərb sənətinə yiyələndi. İlk komandiri general Polad Həşimov olmuşdu. Xidmət illərində peşəkar zabit kimi formalaşaraq dəfələrlə fəxri fərman və medallarla təltif edildi.
Vətən müharibəsinin ilk günlərindən mayor Rahib Babayev Murovda gedən ağır döyüşlərin ön sıralarında idi. Onun rəhbərliyi ilə düşmənin strateji əhəmiyyətli “Canavar” mövqeləri azad edildi. Yaralansa da, meydanı tərk etmədi, əsgərlərini qorudu, düşmən texnikasını məhv etdi. 30 sentyabrda artilleriya atəşi nəticəsində şəhidlik zirvəsinə ucaldı.
Bu gün qəhrəman mayorun əziz xatirəsi doğma Naxçıvanda anılıb. Tədbirdə dövlət və hökumət nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər, polis əməkdaşları və ictimaiyyət iştirak edib. Onun qəhrəmanlığı bir daha xatırlanıb, ailəsinə dərin hörmət və ehtiram bildirilib.
Döyüş yoldaşları Rahibi mərd və qorxmaz zabit kimi yad ediblər: “O, yaralı olsa da meydanı tərk etmədi, əsgərlərini qorudu, düşmənin texnikasını onların öz silahları ilə məhv etdi”.
Qardaşı Bilal Babayev isə tədbirdə çıxış edərək deyib: “Qardaşımı itirmək mənim üçün ağırdır, amma qürur duyuram ki, belə bir qəhrəmanın qardaşıyam”.
Rahib Babayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimizin üç övladı yadigar qalıb. Qızı atasından fəxrlə danışaraq bildirir: “Atam şəhid olmamışdan əvvəl də qəhrəman idi, indi də qəhrəmandır. Mən fəxr edirəm ki, onun qızıyam”.
Mayor Rahib Babayevin yazdığı qəhrəmanlıq dastanı əsrlər boyu unudulmayacaq, gənclərimiz üçün vətənpərvərlik nümunəsi olacaq.
Ruhun şad olsun, cənab mayor!
Bəxtiyar ƏLİYEV,
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü