ŞAHBUZDA QƏHRƏMAN ŞƏHİD RAMİN BAĞIROVUN ANIM GÜNÜ QEYD OLUNUB
Şahbuz rayonunun Badamlı kəndində Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Ramin Nəriman oğlu Bağırovun anım günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər.
Çıxış edənlər Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən igid oğulların xalqımızın qürur mənbəyi olduğunu bildiriblər. Qeyd edilib ki, şəhid Ramin Bağırovun qəhrəmanlıq dolu ömür yolu gənclər üçün vətənpərvərlik nümunəsidir.
Tədbirdə şəhidin döyüş yoldaşı olmuş qazi Xəyal Kərimov da çıxış edərək onunla bağlı xatirələrini bölüşüb. O bildirib ki, qəhrəman döyüşçü ilə hərbi xidmət dövründə tanış olub və yaxın dost olublar. Birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunması uğrunda döyüşlərdə iştirak ediblər. Qazi Xəyal Kərimov 25 oktyabr tarixində “Daş karyeri” adlanan ərazidə yaralandığını, tibb məntəqəsinə aparıldıqdan iki gün sonra isə döyüş yoldaşının şəhidlik xəbəri ilə sarsıldığını qeyd edib. O, şəhidin ailəsinə dərin hörmət və ehtiramını ifadə edərək, şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulacağını vurğulayıb.
Ramin Bağırov Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirib. O, Əlahiddə Ümumqoşun Ordusunun kəşfiyyatçı kursunu bitirərək Xüsusi Təyinatlı hərbi hissədə xidmət edib.
Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Ramin Bağırov Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə igidlik göstərib. O, 27 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ruhu şad olsun
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi