Babək rayonunun Qahab kəndində Vətən müharibəsi şəhidi, Baş leytenant Abbasəli İmamqulu oğlu İsmayılovun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Şəhidin məzarı ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Vətən uğrunda canından keçən qəhrəmanların xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşən igid oğullarımızın qəhrəmanlığı heç vaxt unudulmur:
“Şəhidlərimizin hər biri xalqımızın milli ruhunun, Vətən sevgisinin və yenilməz iradəsinin simvoludur. Onların keçdiyi şərəfli yol gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir.”
İcra başçısı həmçinin qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin ən ali dəyərlərindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinin daim qayğı ilə əhatə olunması bu siyasətin ardıcıl və səmimi şəkildə davam etdiyini göstərir.
Daha sonra çıxış edənlər şəhid Abbasəli İsmayılovun döyüş yolundan, cəsarətindən və yüksək vətənpərvərlik hisslərindən danışıblar. Onun fədakarlığı və nizam-intizamı Babək gəncləri üçün nümunə kimi dəyərləndirilib.
Abbasəli İsmayılov 20 sentyabr 1995-ci ildə Babək rayonunun Qahab kəndində anadan olub. Ailədə bir bacı və iki qardaşın ortancılı olan Abbasəli 2001–2010-cu illərdə Naxışnərgiz kənd tam orta məktəbində təhsil alıb. 2010–2012-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2012–2016-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Vətən müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə bir çox strateji ərazilərimizin azad olunmasında igidlik göstərib. 2020-ci il oktyabrın 22-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin sərəncamları ilə Abbasəli İsmayılov “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Qəhrəman Baş leytenant Abbasəli İsmayılovun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi