Advertisment

Yevlaxda 14 yaşlı qızın əməliyyatda ölməsi ilə bağlı iki həkimə hökm oxunub

Yevlaxda 14 yaşlı qızın cərrahi əməliyyat zamanı ölməsi faktı üzrə başlanmış cinayət işində təqsirləndirilən “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkim-travmatoloq-ortopedi Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloqu Könül Sadıqovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

 

Herbiand.az xəbər verir ki, Yevlax rayon Məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Bəxtiyar Mustafayevə və Könül Sadıqovaya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

 

Qeyd edək ki, Yevlax rayon prokurorluğunun yaydığı məlumata görə, ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb

 

İstintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq), K.Sadıqovaya isə həmin Məcəllənin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.