2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 714 800 000 manat vəsait yönəldiləcək.
Herbiand.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 318 500 000 manat və ya 3,8 %, 2024- cü ilin icrası ilə müqayisədə isə 2 152 600 000 manat və ya 32,8 % çoxdur.
2022-ci illə müqayisədə 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsində xərclərində xüsusi çəkisi 5,7 faiz-bəndi, mütləq ifadədə isə 3 818 500 000 manat və ya 1,8 dəfə artıb.
Azərbaycanın müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsinin əsaslı xərclərindən qarşıda duran vəzifələrə və bağlanılmış müqavilələrə uyğun olaraq xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün 4 500 000 000 manat məbləğində vəsait yönəldiləcək.