Advertisment

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi anılıb

Noyabrın 24-də Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun doğum günüdür.

Herbiand.az xəbər verir ki, bu münasibətlə Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət olunaraq, xatirəsi ehtiramla yad edilib.

Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib.

Şəhidin məzarı yanında çıxış edənlər Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yoluna nəzər salıb, 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisasının alındığını qeyd ediblər. Bildirilib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı ordumuz torpaqlarımızı işğaldan azad edərək tarixi Qələbə qazanıblar.