Beynəlxalq Nəqliyyat Forumu (BNF) 2014 – 2024-cü illər üzrə qlobal nəqliyyat tendensiyalarının müqayisəli təhlilinə dair statistik bülleten dərc edib.
Bu barədə Herbiand.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Məlumata görə, hesabatda Azərbaycanla bağlı məlumatlar BNF-nin hazırkı sədr ölkəsi olaraq xüsusi bölmədə təqdim edilib. Bildirilib ki, son 10 ilin göstəricilərində müsbət dinamika qeydə alınıb. Dəniz nəqliyyatı ilə yük daşınmasında əhəmiyyətli artım müşahidə olunub. 2014 – 2024-cü illər qlobal konteyner daşımaları üçün yüksəliş dövrü kimi xarakterizə edilib. Azərbaycan təhlil aparılan 22 ölkə arasında konteyner yüklənməsi göstəricilərinə görə ikinci ən yüksək artım (150%) nümayiş etdirib.
Hesabatda həmçinin yol təhlükəsizliyi üzrə statistik məlumatlar da əksini tapıb. Digər ölkələrdə yol qəzalarında ölüm göstəriciləri sabit qalsa da, Azərbaycan üzrə əhəmiyyətli müsbət dəyişiklik qeydə alınıb. Belə ki, 2024-cü ildə yol-nəqliyyat hadisələrinin sayı 2014-cü illə müqayisədə 46%, yol qəzalarında həlak olanların sayı isə 32% azalıb.
Statistik bülletendəki məlumatlar son illərdə Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi transformasiya proseslərini əks etdirir: yol təhlükəsizliyi gücləndirilir, dəniz limanları üzrə göstəricilər artır və ölkənin qlobal nəqliyyat şəbəkəsindəki rolu daha da möhkəmlənir.