“Şəhərsalma və Memarlıq İli”nin elan olunmasının sadəcə tematik bir təqvim qərarı olmadığı aydındır – bu, Azərbaycanın məkan düşüncəsinə, şəhər fəlsəfəsinə və estetik məsuliyyətinə verilən strateji impulsdur. Bir il içində dövlət siyasətinin bu sahəyə fokuslanması şəhərsalmanı texniki-prosedur müstəvidən çıxarıb mədəniyyət, identiklik və insan mərkəzli inkişaf səviyyəsinə qaldıra bilər. Belə olunca, il içində düşünüb-daşınıb, qurub-yaradıb, planlaşdırıb araya-ərsəyə gətirilənlər ilə sığmaz, gələcək illərə də bir dayaq olar…
Bu təşəbbüsün əsas təsiri ondadır ki, şəhər artıq bina sıxlığı, yol darlığı, infrastruktur yetərsizliyi və bənzəri olaylardan ötə – yaşayış keyfiyyəti, tarixlə dialoq və gələcəklə harmoniya kimi dəyərlərlə ölçüləcək. Özəlliklə, azad edilmiş ərazilərdə aparılan planlı quruculuq bu yanaşmanın gerçək laboratoriyasıdır.
“Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir”. – Bu sözlər Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezidentin 22 dekabr 2025-ci il tarixli Sərəncamındandır.
Bəli, biz azad edilmiş ərazilərimizdəki planlı quruculuğu bu yanaşmanın gerçək laboratoriyası sahırıq; önəmli məsələ isə dəngəni qorumaqdır:
memarlıq irsi muzeyləşdirilməməli, çağdaşlıq isə köksüz qalmamalıdır. Sağlam dəngə “qoruma üstəgəl interpretasiya üstəgəl innovasiya” üçlüsü ilə mümkündür. Yəni tarixi mühitlər qorunaraq yaşadılmalı, yeni memarlıq isə milli yaddaşı inkar etmədən çağdaş texnologiya və ekoloji standartlarla qurulmalıdır.
BMT‑nin Məskunlaşma Proqramı ilə birgə təşəbbüslər, həmin təşəbbüslər çərçivəsində memarların bir araya gəldiyi milli şəhərsalma forumları ölkəmizin beynəlxalq tərəfdaşlarla ortaq çalışmalarının uğurlu örnəyidir.
Ayrıca, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Xlll sessiyası 2026-cı ildə Bakı şəhərində keçiriləcəkdir.
Belə bir önəmli qərar həm Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir, həm də məsuliyyəti üzərimizə götürmə potensialımızdan xəbər verir.
Beləliklə, bu il düzgün dəyərləndirilərsə, Azərbaycan şəhəri keçmişin salam-sayğısını daşıyan, bu günün ehtiyaclarına cavab verən və gələcəyin ruhunu sezən bir məkana çevrilə bilər. Bu isə təkcə şəhərsalma uğuru sayılmayacaq, milli mədəni yetkinliyin göstəricisi kimi qəbul görməyi haqq edəcəkdir.
Dövlətimiz zaval görməsin!
Əkbər Qoşalı