Şəhid Miryasin Seyidovun doğum günü münasibətilə anım mərasimi keçirilib.
44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə mərdliyi, mübarizliyi və sarsılmaz iradəsi ilə əsl Azərbaycan əsgəri nümunəsi göstərən şəhid Seyidov Miryasin Mirqafar oğlu doğum günündə dərin ehtiram və böyük qürur hissi ilə yad edilib.
Anım mərasimində Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir zamanı şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın döyüş yolundan, göstərdikləri şücaətdən bəhs edilib. Çıxış edənlər Miryasin Seyidovun vətənə sədaqətini, hərbi andına sonadək sadiq qalaraq şəhidlik zirvəsinə ucalmasını vurğulayıblar.
Miryasin Mirqafar oğlu Seyidov 1998-ci il dekabrın 23-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açıb. 2005–2016-cı illərdə Əbrəqunus kənd tam orta məktəbində təhsil alıb. Gənc yaşlarından vətənpərvər ruhda böyüyən Miryasin hərbi xidmətə yollanaraq müddətli həqiqi hərbi xidmət qulluqçusu olub.
2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirən Miryasin Seyidov Azərbaycan Ordusunun əsgəri olaraq 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində fəal iştirak edib. Xocavənd istiqamətində gedən ağır və taleyüklü döyüşlərdə, o cümlədən Qırmızı Bazar qəsəbəsinin azad olunması uğrunda aparılan döyüşlərdə igidliklə vuruşub. O, 2020-ci il oktyabrın 21-də hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb və adını Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi şücaətə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Miryasin Seyidov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, "Fizulinin azad olunmasına görə," Xocavəndin azad olunmasına görə", “Hərbi xidmətlərə görə” medalları və III dərəcəli" Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Bu gün Miryasin Seyidovun adı xalqımızın qürur mənbəyidir. Onun ömür yolu gənc nəsil üçün vətənə sevginin, torpağa bağlılığın və şəhidlik zirvəsinə aparan müqəddəs yolun ən parlaq nümunəsidir. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların ruhu hər zaman ehtiramla anılacaqdır.
Bəxtiyar Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü