Advertisment

Milli hədəflərin yeni mərhələsi

24 dekabr – Azərbaycan dövlətinin çağdaş tarixində zamanla üz-üzə gəlmiş iradənin, məsuliyyəti üzərinə götürmüş yüksək ictimai-siyasi və əlbəttə, dövlət ağlının, taleyüklü qərarlara imza atan, sözü imzası qədər keçərli olan lider ömrünün rəmzidir.

 

Bu tarixdə doğulan insanın taleyi adi ola bilməzdi. Çünki tarix bəzən insanı öz ritminə çağırır, bəzən də insan tarixin ritmini dəyişir. Prezident İlham Əliyevin qərarları onun məhz tarixin ritmini uhulət-suhulətlə dəyişən kateqoriyadan olduğunu dəqiq göstərir. – O, zamanı idarə edən, onu milli çıxarların lehinə yönəldən azsaylı liderlərdəndir.

 

Onun liderlik trayektoriyasını əgər bir cümlə ilə ifadə etməli olsaq, belə deyə bilərik:

dövləti xilas etməkdən – dövləti qalib etmək mərhələsinə qədər uzanan yol.

 

Bu yolun başlanğıcı – sabitlik idi, davamı – inkişaf, zirvəsi isə Zəfər oldu.

 

Yaş – Azərbaycan Prezidentinin timsalında təqvim göstəricisindən ötə, siyasi məsuliyyətdir

 

Prezident Əliyevin yaşı heç vaxt bioloji kateqoriya kimi təqdim olunmayıb. Onun üçün yaş – hesabatdır – dövlətə, xalqa, əcdada və gələcək nəslə verilən hesabat.

 

Bu gün artıq İlham Əliyevin liderlik dönəmi:

-Azərbaycanın ərazi bütövlüyünün bərpası,

-suverenliyin tam təmin olunması,

-dövlət idarəçiliyində rasional siyasi modelin formalaşdırılması,

-beynəlxalq münasibətlərdə milli maraqlara söykənən balanslı xətt,

-cəmiyyət içində siyasi dialoq və milli birliyin gücləndirilməsi

kimi fundamental sonuclarla ölçülür.  

 

Bu sonuclar təsadüf deyil, əsla. – Onlar illərlə qurulan strategiyanın, təmkinin, siyasi iradənin və vaxtında verilmiş qərarların məhsuludur. Bəs qərar necə verilir? – Əlbəttə, alternativlərdən ən yaxşısını seçərək…

 

Zəfər – emosional hadisə olaraq qavranmamalı, o, bir institusional sonuc olaraq qəbul görməlidir.

Bəli, 2020-ci ilin payızında – noyabrın ilk, 44 günlük savaşın axırıncı ongünlüyündə əldə edilən parlaq sonuc Azərbaycan üçün sadəcə hərbi qələbə olmadı. – Bu, siyasi düşüncənin, diplomatik təmkinin və dövlətçilik ağlının ən uyumlu sintezi idi.

 

Sonra 2023-cü ilin sentyabrındakı yığcam, hüquqi əsaslı və beynəlxalq legitimliyi təmin olunmuş antiterror əməliyyatını unutmamalıyıq. 

Daha sonra isə 2024-cü ildə baş tutan, İlham Əliyevin məhz Xankəndidə səs verdiyi Prezident seçkiləri – artıq Zəfər seçkisi kimi tarixə düşdü. Seçkilərin ölkənin bütün ərazilərində keçirilməsi – bu, təkcə rəmz sayıla bilməz; bu, tarixi yekunlaşmanın siyasi aktı idi.  

 

Bax, burada liderlik emosiyaya yox, institusional dövlət yaddaşına söykəndi.

 

İsmarıc – liderin özünün verdiyi ismarıc belə oxuna bilər: lider xalqdan yuxarıda deyil, xalqla eyni məsuliyyətdədir. – “Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər”. – Prezident bu kəlamı Zəfər seçkisindən düz 10 il öncə demişdi… 

Yəni, Prezidentin fərqli və örnək cəhətlərindən biri də budur:

o, dövlət başçısı mövqeyini xalqdan ayrı bir mərtəbə kimi deyil, xalqla eyni məsuliyyət müstəvisi kimi qəbul edir.

Prezidentin öz adgünlərini sosial obyektlərin açılışında keçirməsi, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşməsi, Qarabağda – Şuşada, Ağdamda, Xankəndidə olması təsadüfi deyil. Bu davranış modeli sadə bir ismarıc verir:

“Prezidentin ən xoş günü xalqın içində olduğu, xalq üçün qurduğu-yaratdığı gündür.

 

Bu dediklərimizdən çıxış edərək, deyə bilərik: 

24 dekabr İlham Əliyevin ömründə yeni yaşdan daha üstün, Azərbaycan dövlətinin tarixində yeni mərhələnin rəmzi sayıla bilər.

 

Bu mərhələ:

-“Böyük Qayıdış”ın tamamlanması,

-regional və qlobal layihələrdə Azərbaycanın mövqeyinin daha da güclənməsi,

-Türk dünyası ilə strateji birliyin dərinləşməsi,

-sosial rifah və institusional çağdaşlaşmanın davamı

kimi hədəflərlə xarakterizə olunur.

 

Bu mərhələ artıq qalib dövlətin məsuliyyət mərhələsidir.

 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Əkbər QOŞALI