Advertisment

Milli Qəhrəman Ələkbər Əliyevin anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib

Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Ələkbər Əliyevin anadan olmasının 70 illiyi münasibətilə Nizami Kino Mərkəzində anım tədbiri keçirilib.

Herbiand.az xəbər verir ki, Qubadlı və Xətai rayon İcra Hakimiyyətlərinin, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Anım mərasimində şəhidin döyüş yoldaşları onun şərəfli döyüş yolundan danışıb, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov və ailə üzvləri xatirələrini bölüşüblər. Tədbir çərçivəsində Ələkbər Əliyevin həyat və döyüş yolunu əks etdirən qısa film nümayiş olunub, məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Azərbaycanın Milli Qəhrəmanı Ələkbər Həsən oğlu Əliyev 22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində anadan olub. 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirib, Sumqayıt Politexnik Texnikumuna daxil olub. Təhsilini başa vurduqdan sonra hərbi xidmət keçib. Vətənə qayıtdıqdan sonra Qubadlı rayon Kimya Birliyində çalışıb.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü dövründə Ələkbər Əliyev özünümüdafiə dəstəsi yaradaraq doğma torpaqların müdafiəsinə qalxıb. Türklər, Səfiyan və Suarası kəndləri istiqamətində gedən döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini məhv edib.

1992-ci il avqustun 7-də Ələkbər Əliyev öz dəstəsi ilə köməyə gedərkən mühasirəyə düşüb və həmin döyüşlərdə böyük qəhrəmanlıq göstərərək şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Ailəli olub, dörd övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli, 350 saylı fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Xətai rayonunda yerləşən 204 saylı orta məktəb onun adını daşıyır.