2021–2022-ci illərdə pandemiya ilə əlaqədar olaraq xarici dillər ûzrə açıq tipli tapşırıqların ya ümumiyyətlə tətbiq olunmaması, ya da çox az istifadə edilməsi nəticələrə birbaşa təsir göstərib.
Herbiand.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. O bildirib ki, bu dövrdə imtina göstəricilərində fərqli dinamika müşahidə olunub və bu amil sonrakı illərin nəticələri ilə müqayisədə nəzərə alınmalıdır. “Növbəti illərdə açıq sualların tətbiqi genişləndirildikcə, bu tip tapşırıqlara yanaşmada dəyişikliklər baş verib. Əvvəl azalma müşahidə olunsa da, sonrakı mərhələdə açıq tapşırıqların payı artdıqca imtina göstəricilərində də müəyyən artım qeydə alınıb”.
Könül Hacıyeva qeyd edib ki, 2025–2026-cı tədris ilində ilk dəfə olaraq xarici dil üzrə şəkil əsasında hekayə qurmaq tələb edən yazı tapşırığı tətbiq olunub: “Bu yeniliyə şagirdlərin münasibəti ümumilikdə müsbət olub. Baxmayaraq ki, bəzi hallarda imtina edənlərin sayı artsa da, ümumi göstəricilərdə əvvəlki illərlə müqayisədə daha yaxşı nəticələr müşahidə edilib”.
O, açıq tipli tapşırıqların mərhələli şəkildə artırılmasının şagirdlərin yazı və düşünmə bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə imkan yaratdığını əlavə edib.