Advertisment

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB “Evimiz – Dəyərlərimiz” layihəsinin icrasına start verir

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (İB) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi kiçik qrant layihəsinin qaliblərindən biri olmuşdur. İB bu dəfə ailə dəyərlərimizin, eləcə də milli-mənəvi dəyərlərimizin şagird və yeniyetmələr arasında təbliğini hədəfləyən “Evimiz – Dəyərlərimiz” layihəsinin icrasına start verir.

İB sədri və layihənin müəllifi Əli Cəfərovun Herbiand.az-a verdiyi açıqlamaya görə paytaxtın  təhsil ocaqlarında həyata keçiriləcək “Evimiz – Dəyərlərimiz” layihəsinin icrasına 1 may 2026-cı il tarixindən başlanılacaq.  Orta məktəb şagirdlərinin iştirakı ilə reallaşdırılacaq layihənin əsas məqsədi şagirdlərə mütəxəssislər vasitəsilə dəyərlərimizin əsasəndə ailə dəyərlərinin dirçəldilməsi üçün dəyərlərimizin mahiyyətini izah etmək, müxtəlif tədbirlərlə onları bu müqəddəs anlamları yaşatmağa və qorumağa ruhlandırmaqdır. Layihədə qoyulan mövzuların daha geniş spektri əhatə etməsi üçün görüləcək işləri media qurumları vasitəsilə mütəmadi – addım-addım işıqlandırmaqla bütün ölkə məktəblilərin, yeniyetmələrin, gənclərin diqqətinə çatdırmaq da hədəflər sırasındadır.

Layihə ailə bağlarının yaxşılaşdırılması, valideyn-övlad münasibətlərinin normallaşdırılması ilə yanaşı, şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fitri qabiliyyətlərinin, istedadlarının üzə çıxarılması kimi amillərə dəstək baxımından da xüsusi töhfə kimi proqnozlaşdırılır.

Nəzərdə tutulacaq tədbirlər planı barədə də məlumat verən İB sədri onu da bildirib ki, Bakı şəhərində yerləşən  məktəblərdə mütəxəssislərin keçirəcəyi təlimlər, debatlar, bədii qiraət və yaradıcı inşa müsabiqələri, Bakı Uşaq Teatrı kollektivinin şagirdlərin iştirakı ilə hazırlayacağı tetrlaşdırılmış tamaşa-səhnəciklər, valideyn-uşaq-məktəb üçbucağında görüşlər, idman oyunları və s. vasitəsilə gerçəkləşdiriləcək.

Əli Cəfərov açıqlamasında həmçinin ailə bağlarını, milli-mənəvi dəyərlərimizi, milli-mənlik şüurunun inkişafı və qorunmasını nəzərdə tutan “Evimiz – Dəyərlərimiz” kimi ümummilli problemimizin həllinə yardımçı olacaq layihəyə qrant ayırdığına görə İctimai Birlik adından Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib.