Advertisment

Azərbaycanda zərgərlik sənayesi ilə əlaqədar dövlət standartı qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) zərgərlik sənayesi üçün AZS EN 12472:2026 "Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu" yeni dövlət standartını qəbul edib.

Herbiand.az  AZSTAND-a istinadən xəbər verir ki, standartın qəbulu zərgərlik məmulatlarının insan dərisi ilə təması zamanı nikelin miqdarının müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyədə qəbul olunmuş sınaq metodlarının tətbiqini, bununla nikelin sağlamlığa mənfi təsirinin qarşısının alınması potensialının qiymətləndirilməsini, istehlakçı sağlamlığının qorunmasını, eləcə də bazarda təqdim olunan zərgərlik və digər metal məmulatlarının təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsini təmin etməyə xidmət edir.

Yeni dövlət standartının layihəsi Dövlət Agentliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin nəzdində təsis edilmiş "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) təqdimatı əsasında qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qəbul olunan sənəd EN 12472:2020 "Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu" (Method for the simulation of accelerated wear and corrosion for the detection of nickel release from coated items") Avropa standartı əsasında hazırlanıb.