Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu 2026 keçirilib.
Bayraq Meydanından start götürən yarış Sea Breeze ərazisindəki yekunlaşıb.
İlk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi, incəsənət xadimləri, ziyalılar da qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışıblar. Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edib.
Yekunda qaliblər mükafatlandırılıb.
1-ci yer sahibi 6 000 AZN, 2-ci yerin qalibi 4 000 AZN, finişə 3-cü çatan iştirakçı isə 2 000 AZN pul mükafatı qazanıb.
Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar veriləcək.
“Sea Breeze” ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.
Mərasimdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov iştirak ediblər.
Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.
Qadınların mübarizəsində Rusiyadan Elena Tolstıx birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.