3 may 2026-cı il tarixdə şəhid leytenant Əli Süləddin oğlu Yusifovun ildönümü münasibətilə Şərur rayon Şəhidlər xiyabanında anım tədbiri keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edənlər şəhid leytenant Əli Yusifovun keçdiyi şərəfli döyüş yolundan, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsindən bəhs edib, belə igid oğulların xalqımızın qürur mənbəyi olduğunu vurğulayıblar. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi daim uca tutulur və onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunub, ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib.
Qeyd edək ki, şəhid leytenant Əli Süləddin oğlu Yusifov 1997-ci il avqustun 14-də Şərur rayonunun Oğuz kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin zabiti olan Əli Yusifov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 3-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü