Sədərək rayonunda Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman şəhid Abdullazadə Tağı İlham oğlunun mövlud günü ehtiramla qeyd olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası rəhbər qurumlarının, rayon İcra Hakimiyyətinin, Əlahiddə Ümumqoşun Ordunun, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edənlər şəhidlərin göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün örnək olduğunu bildirərək onların xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı çıxışında qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfər şəhidlərimizin qanı və canı bahasına əldə olunub, onların ailələrinin isə daim dövlət qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılıb.
Digər çıxış edənlər də şəhidlərin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu bildiriblər.
Tağı İlham oğlu Abdullazadə 1992-ci il 5 may tarixində Sədərək rayonunda anadan olub. 1999–2010-cu illərdə Sədərək rayon 1 nömrəli tam orta məktəbində təhsil alıb, 2010–2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində hərbi müəllim kimi fəaliyyət göstərib.
2019-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin təməl kursunu bitirərək XTQ sıralarında xidmətə başlayıb. Azərbaycan Ordusunun xüsusi təyinatlısı kimi 2020-ci il Vətən müharibəsində Füzuli və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib.
O, 2020-ci il noyabrın 2-də Hadrutun Tuzluca istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və Sədərək rayonunda dəfn edilib.
Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, Tağı nın atası İlham Abdullayev 1-ci Qarabağ müharibəsinin iştirakçısı və qazisidir. Şəhidimizdən sonra ailəsinə 5 yaşlı oğlu Yusif yadigar qalıb.
Sonda şəhid Abdullazadə Tağı İlham oğlunun əziz xatirəsi bir daha dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub.
Bəxtiyar Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi