Quzanlının qəhrəman şəhidləri və igid qaziləri haqqında silsilə yazılar yazmaq ideyası məndə vetendas.az saytında Mahirin şəklini görəndən sonra yarandı. Saytdakı yazılara baxırdım, birdən qarşıma tanış bir sima çıxdı. Gülərüz, aydın baxışlı, mərdanə duruşlu yaraşıqlı gənc. Mahir idi. Kəndimizin sayılan-seçilən kişilərindən, hörmətli ağsaqqallarından bir olmuş Hacı Şahmar kişinin oğlu Mahir. Mahir 1971-ci ıl doğumlu idi. Təbiətin ən gözəl çağında, hər tərəfin çiçəyə büründüyü, torpağın nəfəs aldığı bir may günündə dünyaya gəlmişdi. Sanki baharın təravəti, günəşin istiliyi Mahirin xarakterinə hopmuşdu.
Uşaqlıq dostu və sinif yoldaşı Elşən Mahirin elə balacalıqdan qaynar təbiətli, mərd, qorxmaz olduğunu deyir:
“Uşaqlıqdan bir məhəllədə böyümüşük, bir sinifdə oxumuşuq. Məktəb vaxtından dostluq edirdik Mahirlə. Mahir mərdi namərdin ayağına verməyən, dostdan ötrü ölümə getməyə hazır olan bir oğlan idi. Dəfələrlə davaya düşmüşük, heç zaman geri çəkildiyini görməmişəm. Hətta güclülərlə münaqişədə belə sözünü deyir, geri addım atmırdı. Gözəl arzuları vardı. Birlikdə xəyallar qurardıq. Aktyor olmaq istəyirdi”.
Bizdən 4 yaş böyük olan Mahir həqiqətən də ucaboylu, yaraşıqlı gənc idi. Bir il orta məktəbə gec getmişdi. Mahir kənardan lovğa görünsə də, yaxın təmasda çox mehriban və xoşxasiyyət idi. Amma sərt xarakteri də vardı, yeri gələndə necə deyərlər, “qabağından yeməyən” cəsur bir oğlan idi. Zövqlə geyinər, saçını səliqə ilə darayardı. Üzü də hər zaman təmiz olardı. İndi şəklinə baxıb onu dünya futbolunun ulduzu Kriştiano Ronaldoya oxşadıram. Yadıma düşür ki, Mahir də əla futbol oynayırdı. Məktəbin idman meydançasında, kəndin stadionunda onun iştirakı ilə baş verən bir çox məktəbli davaları xatırlayıram. Mahir heç vaxt özündən zəifi incitməz, oyunlarda cığallıq eləməzdi. Əksinə, yaşına, boyuna güvənib üzgörənlik edənləri, cığallları yerində oturdar, ədaləti bərpa edərdi.
Hətta yaşca böyüklərlə belə davadan çəkinməyən, borzuların önündə dim-dik dayanan Mahirin əsəbdən gərilmiş sərt sifəti indi də gözümün önündən, ötkəm səsi qulağımdan getmir. Xaraktercə nə qədər sərt olsa da, bir o qədər də nazik qəlbi vardı Mahirin. Bəlkə də anasını erkən itirmişdi deyə, xarakerində bir həlimlik vardı, özündən kiçiklərə, xüsusən uşaqlara diqqət və qayğı ilə yanaşardı.
Müharibə ömrünü yarıda qırmasaydı, bəlkə də xəyallarının ardınca gedər, İncəsənət İnstitutunda oxuyar, aktyor olardı. Aşağı yaşlı uşaqlar məktəbdə yuxarı siniflərdə oxuyan Mahiri, Şamili, Natiqi, Hüseyni örnək alardı, onlar kimi yeriyər, onlar kimi danışar, onlar kimi futbol oynayardı.
1988-ci ildə Qarabağda ermənilərin separatçılığı başlayanda Mahir 17 yaşında idi. Tənəffüslərdə, futbol meydançasında çox vaxt yaxınlaşıb yuxarı sinif şagirdlərinin söhbətlərinə qulaq asırdıq. Mahir odlu-alovlu danışır, ermənilərin bizə qarşı namərdlik etdiyini deyirdi.
Elşən danışır ki, hadisələr başlayanda Mahir çox narahat imiş. Deyirdi ki, hadisələrin gedişatı heç yaxşıya deyil. “Belə getsə erməni-müsəlman davası” (1918-ci ilin mart hadisələrini nəzərd tuturmuş-red) təkrar olacaq. Yaşlılardan eşitmişdik ki, ermənilər 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törədiblər, qadınlarımızı, uşaqlarımızı qətlə yetiriblər. Mahir onlara nifrət edirdi”.
Münaqişə yeni başlayanda könüllü cəbhəyə getmək istəyirdi. 1989-cu ildə çağırış vərəqəsi gəldi, onu Sovet ordusuna apardılar. İki il xidmət edib qayıtdı. 1991-ci ildə Qarabağ müharibəsi qızışırdı. Hərbi formanı təzəcə əynindən çıxarsa da narahat idi Mahir.
“Tez-tez deyirdi: aramızda o qədər də böyük məsafə yoxdur e. Bir də gördün gəlib dirəniblər Sultanbuda. Onları yerində oturtmaq lazımdır”-deyə, Elşən davam edir.
Mahir Milli Ordu sıralarına 1992-in ci ilin 4 iyulunda çağırılıb.
Döyüş yoldaşları nəql edir ki, Mahir hərbi əməliyyatlarda da eynən məktəbin həyətində, idman dərslərindəki kimi cəld davranır, döyüşə cəsarətlə girirdi. Mahir cəbhə yoldaşlarını da, xüsusən gənc əsgərlərin də döyüşə ruhlandırırmış: “Ə, mən Sovet ordusunda görmüşəm bunları, bərkdə əlləri yoxdur. Çox ağciyər olur. Bir yerlərdən güc almasalar üstümüzə gəlməzlər”. Mahir düz deyirdi əslində. O zaman ermənilər Sovet imperiyasının rəhbərliyindən, siyasi və hərbi güc almasaydılar, Azərbaycana qarşı separatçılığa cəsarət edə bilməzdilər.
Cəbhə yoldaşı Saleh Abdullayev danışır ki, Mahir qorxmadan döyüşə atılır, komandirin bütün tapşırıqlarını yerinə yetirir, qəti tərəddüd etmirdi. “Bir dəfə mənə dedi ki, əmioğlu, alnımıza nə yazılıbsa o da olacaq. Bir də görürsən pəhləvan kimi oğlanı evdə “tok” vurub öldürür. Mən heç zaman davadan qaçmamışam. Bu da davadır da, nə olsun güllə atırlar”-deyir Saleh.
Ağdam və Ağdərə bölgələrinin müdafiəsində yaxından iştirak edib. Fərrux yüksəkliyi, Canyataq, Gülyataq yüksəklikləri uğrunda döyüçşlərdə igidlik göstərib. Fərrux istiqamətindəki döyüşlərdən birində tərkibində Mahirin də vuruşduğu bölük mühasirəyə düşür. Düşmənlə şir kimi çarpışan bölük yalnız iki gündən sonra mühasirəni yarmağa müvəffəq olur. Amma bu itkisiz ötüşmür, döyüşdə əsgərlərimizdən ikisi şəhid olur.
Mahirin son döyüşü 1992-ci ilin sentyabrın 2-də Ağdərənin Sırxavənd kəndində olub. Cəbhə yoldaşı Saleh Abdulayev deyir ki, bu döyüşdə Mahir iki erməni quldurunu məhv edir. Qəfil açılan namərd gülləsi Mahiri boğazından yaralayır. Komandirin təkidinə baxmayaraq yaralı- yaralı yenidən döyüşə girir. Lakin bu dəfə düşmən tərəfdən açılan güllə Mahiri qəhrəmanlıq dolu həyatına nöqtə qoyur. “Avtomat gülləsi Mahirn düz ürəyinə dəymişdi. Biz bir yerdə xidmət edirdik, döyüşdə bir yerdə idik. Yaxınlaşıb yaxasını açdım, gördüm ki, güllə ürəyinə dəyib. Mahirin nəşini çiynimə alıb dağdan Xaçın çayına düşürdüm. Ordan hərbi hissəyə gətirdim”.
Beləcə, məktəbimizin fəxri Mahirin həyat dolu qəlbi susdu. Yaşca kiçik məktəblilərinin kumiri olan Mahirin ömrü yarıda qırıldı. Aktyor olmaq istəyən Mahirin həyatının pərdəsi endi.
Onun kimi parlaq gənclərin həyatına son vermiş, arzularını gözündə qoymuş müharibə lənətə layiqdir. Elə bizə bab olmayan namərd düşmən də.
Bu gün Qarabağ azaddır, dogma Quzanlıda qocalar, qadınlar, uşaqlar müharibə təlaşı ilə yaşamır. Amma müharibə əlimizdən Mahir kimi oğulları aldı. Yeganə təsəllimiz budur ki, onların yeri boş qalmadı. Şanlı tariximiz sübut edir ki, biz yox olan qövm deyilik. Mahirlər şəhid olar, amma onların yeri boş qalmaz. Analar yenə Mahir kimi cəsur, vətənə bağlı, qoç duruşlu oğullar doğar.
Bu gün Mahirin başladığı, amma yarı qalmış müqəddəs işi böyük qardaşı, Qarabağ qazisi Hamletin oğlu Mahir davam etdirir. Əmisi igid Mahirin adını daşıyan kiçik Mahir bu gün də zabit kimi Azərbaycan orsusunda xidmət edir.
Elman Cəfərli