Advertisment

Azərbaycan təhlükəsizlik orqanlarının inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır

 

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV - 103

 

Doğma, canım - varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram.

Heydər ƏLİYEV, Azərbaycan xalqının ümummilli lideri

 

Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

 

May ayının 10-u müstəqil Azərbaycan Respublikasının memarı və banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur. Bu günü xalqımız böyük hörmət və ehtiramla qeyd edir. Bu həm də Azərbaycanın müstəqilliyinə, Heydər Əliyevin bizə miras buraxdığı dövlətçilik ənənələrinə hörmət əlamətidir.

Azərbaycanın qurucusu və memarı, xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev özünün nəhəng fəaliyyəti ilə tarix yaratmış, parlaq əməlləri sayəsində bəşəriyyətin nadir simaları arasında layiqli yer tutaraq, dünya tarixinin azərbaycanlı dahisi olmuşdur. Məhz Azərbaycan Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mükəmməl təhlükəsizlik sisteminə malik ölkələr sırasında öz layiqli yerini tutmuş, özünün milli maraqları və mənafeləri əsasında formalaşan təhlükəsizlik strategiyasını qurmuşdur.

Ümummilli Lider Heydər Əliyevin təlqin etdiyi düşüncə, yaratdığı nümunə hər birimiz üçün mükəmməl vətənpərvərlik məktəbi, vətənə sədaqət dərsidir. Azərbaycanı düşünmək, Azərbaycanla yaşamaq başlıca amalı olan Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır.

Siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, 44 günlük Vətən müharibəsində qazandığı tarixi Şanlı Qələbəsi, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir.

Hələ ötən əsrin ortalarından başlayaraq Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək xalqımızın azad, müstəqil gələcəyinin təmin olunması üçün zəmin hazırlamışdır.

Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın. Ülu Öndər demişdir: “O illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır...”.

Azərbaycan təhlükəsizlik orqanlarının inkişaf tarixi də bilavasitə ömrünün böyük bir hissəsini bu orqana həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Həyatının bütün mənasını Azərbaycan xalqına və dövlətinə xidmətdə görən Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində və gərgin səyləri sayəsində təhlükəsizlik orqanlarının fəaliyyətində əsaslı dönüş yaranmış, Azərbaycanın gələcək müstəqilliyinə və təhlükəsizlik orqanlarının kadr potensialının həllinə hesablanmış bir addım olaraq təhlükəsizlik orqanının milliləşdirilməsi istiqamətində ciddi işlər görülmüşdür.

Məhz Ulu Öndər Heydər Əliyevin dönmədən apardığı siyasət nəticə¬sin¬də təh-lükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı xeyli artırıldı. Bununla da milliləşdirilmənin əsası qoyuldu. Azərbaycan xüsusi xidmət orqanlarının milliləşdirilməsini böyük uğur hesab edən dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu”.

Ümummilli lider Heydər Əliyev təhlükəsizlik xidmətinin rəhbər işçilərinin əsasən başqa millətin nümayəndələrindən təyin edildiyini, azərbaycanlılara etibar olunmadığını çıxışlarında qeyd edirdi.

İmperiyanın mövcudluğu dövründə milliləşmənin çox çətin olduğunu qeyd edən dahi rəhbər Heydər Əliyev çıxışlarının birində deyirdi: “DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın təktərəfli türk millətlərini əsarətdə saxlamaq siyasəti olduğunun ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Moskvaya qarşı çıxmağım, toqquşmağım mümkün deyildi. Yavaş-yavaş mən də xalqımın, doğma millətimin milli hisslərini, milli şurunu oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını, silkələnməyini reallaşdırmaq arzusunda idim. Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən, onu ayıq və oyaq salmadan görmək istəyirdim”.

Ulu Öndər Heydər Əliyevin təhlükəsizliyin keşiyində dayanan xüsusi xidmət orqanlarının əməkdaşlarının qarşısında qoyduğu ən ümdə tövsiyələrdən biri də xalqın əsrlər boyu yaratdığı və yaşatdığı sərvətlərə sədaqətlə yanaşmaq, onun milli maraqlarını qorumaq prinsipi idi. Ümummilli lider Heydər Əliyev onlara müraciətində bildirirdi: “Mәn bu gün böyük iftixar hissi ilә deyә bilәrәm ki, dovlәt tәhlükәsizliyi orqanlarında rәhbәr vәzifәlәrdә işlәdiyim zaman, bu orqanın basçısı olduğum zaman vә ondan sonra Azәrbaycan Respublikasının başçısı olduğum zaman Azәrbaycan xalqının millli mәnafeyinә әks olan hec bir addım atılmamışdır. Amma nә qәdәr belә tәkliflәr, belә tәzyiqlәr var idi. Tarixən bu xalq çox repressiyalara, günahsız təqib və təzyiqlərə məruz qalmışdır. Siz, bu represiyalardan ibrət dərsi almalısınız, çalışmalısınız ki, bir nəfər də olsun günahsız insan cəzalandırılmasın”.

Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən biri də SSRİ dövründə bütün müttəfiq respublikalardan fərqli olaraq Azərbaycanda dissidentin olmaması idi.

Xalqına zorakılıq edənlərə qarşı çıxan təhlükəsizlik orqanlarının əməkdaşlarının taleyi ilə də maraqlanan Ümummilli Lider Heydər Əliyev çalışmışdır ki, onlar da bəraət alsınlar. Azərbaycanda ilk dəfə olaraq Stalin səviyyəsində repressiyaya öz etirazını bildirən Novruz Rizayev də belələrindən idi. Onun bu cəsarətli addımı iki dəfə həbsi və 1941-ci ildə məhvi ilə nəticələndi. Dahi rəhbər Heydər Əliyev çıxışlarından birində deyirdi: “Mənim xatirəmdədir ki, - 1956-cı ildə Mir Cəfər Bağırovun qrupunun məhkəməsi zamanı Novruz Rizayevin istintaq işinin içindən onun Stalinə göndərdiyi bir məktub çıxmışdı. Bu, çox məşhur məktubdur - o, çox cəsarətli, çox əqidəli bir insan kimi məktubda 1937-38-ci illərdəki kütləvi repressiyalara qarşı etirazını, açıq-aydın bildiribdir. Mən Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən biz Novruz Rizayevin adını əbədiləşdirdik. Mən onun fəaliyyəti, tərcümeyi-halı ilə tanış oldum. Çox dəyərli bir insan olmuşdur və xalqına çox sədaqətli xidmət etmişdir...”.

Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının zahiri görünüşü də Ulu Öndər tərəfindən bəyənilmiş və onun rəhbərliyi altında layihələşdirilərək tikilmişdir. Həm memarlıq baxımından, həm də özünün kompozisiya quruluşuna görə xeyli seçilən binanın layihə və tikintisi üçün mərkəz tərəfindən çox cüzi vəsait ayrılsa da Ümummilli Lider Heydər Əliyev bu layihənin uğurlu həyata keçməsi və başa çatması üçün çox çalışmışdır. Ulu Öndər sonradan o günləri belə xatırlayırdı: “O vaxt mən Azərbaycanın yerli, respublika büdcəsindən daim buraya vəsait ayırırdım. İnşaatçılara həmişə nəzarət edirdim ki, bu bina tikilib hazır olsun. Azərbaycanda mənim belə əsərlərim çoxdur. Bu bina mənim üçün daha da əzizdir. Çünki mən gəncliyimi sizin indi işlədiyiniz təşkilatda keçirmişəm, həmin çətin dövrləri görmüşəm. Ona görə də imkanım olan vaxtda mənim üçün doğma, gəncliyimi keçirdiyim, vaxtilə işlədiyim bir təşkilata daha da yaxşı şərait yaratmaq üçün çalışmışam, bunu etmişəm. Mənə doğma olan təşkilat üçün, sizin üçün, gələcək nəsillər üçün bu binanı mən yaratmışam”.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1967-ci ildən sonrakı dövrdə olduğu kimi, respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təşkilatdan əsirgəməmiş, xüsusi xidmət orqanlarında çalışanların qarşısında ciddi tələblər qoymuş və onlara dəyərli məsləhətlər vermişdir: “Dövlət təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini yerinə yetirir ki, orada peşəkar əhval-ruhiyyə, peşəkar kadrlar və iş üslubu olsun. Peşəkarlıq səviyyəsinin artırılmasının sərhədi, hüdudu yoxdur. Ona görə də siz daim peşəkarlığınızın təkmilləşdirilməsi üzərində işləməlisiniz, oxumalı, öyrənməlisiniz, çox savadlı, bilikli insanlar olmalısınız”.

Təhlükəsizlik orqanlarında peşəkarlığın möhkəmləndirilməsinə hər zaman diqqət yetirən ulu öndər Heydər Əliyev 1 dekabr 1998-ci il tarixində Akademiyanın yaradılması barədə Sərəncam imzaladı və bununla da Azərbaycanda ilk dəfə olaraq bu sahədə milli kadrların hazırlanması işinin təməli qoyuldu. Azərbaycanın təhlükəsizlik orqanlarının formalaşmasında əvəzsiz xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 20 dekabr 2005-ci il tarixli Sərəncam ilə Akademiyaya xalqımızın ümummilli lidei Heydər Əliyevin adı verildi. Akademiyada Ulu Öndərin adına xüsusi təqaüdün təsis edilməsi isə burada təhsil alan gənclər üçün bir stimula çevrildi.

Qeyd etmək lazımdır ki, bu gün gənclərin ali təhsil almaq üçün sənəd təqdim etdikləri təhsil ocaqları içərisində Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası üstünlük təşkil edir.

Təhlükəsizlik orqanlarının inkişafında Heydər Əliyevin adı ilə bağlı olan və Azərbaycanın milli maraqlarına xidmət edən ikinci mühüm mərhələ dahi rəhbərin 1993-cü ildə xalqının çağırışına səs verərək, ölkənin siyasi rəhbərliyinə növbəti qayıdışı ilə başlandı. Azərbaycan təhlükəsizlik orqanlarının tarixinə dirçəliş və yüksəliş, milli maraqlara xidmət dövrü kimi daxil olan bu dövrdə ölkədə sabitliyin təmin olunması üçün digər hüquq mühafizə orqanlarının iştirakı, irimiqyaslı silahlı əməliyyatların keçirilməsi ilə terror-təxribat aktları və digər ağır cinayətlərin qarşısının alınması istiqamətində görülən işlər ölkədə sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə tam zəmin yaratdı. Bu isə ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarının işinin yenidən qurulması və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik qayğı və diqqətlə bilavasitə bağlı idi.

Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhlükəsizlik siyasəti ulu öndərdən sonra, onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyəti daim nəzarətdə saxlanılmış, bu strukturun daha da güclənməsi və təkmilləşməsi üçün hər cür yardım göstərilmişdir. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan xüsusi xidmət orqanlarında islahatlar aparılmış, madi-texniki baza xeyli gücləndirilmişdir.

Azərbaycan təhlükəsizlik orqanları ulu öndərin tövsiyələrini bütün fəaliyyətləri boyu daim rəhbər tutaraq, ölkəmizin inkişafı, qüdrətlənməsi naminə bütün qüvvəsini səfərbər edərək, Azərbaycan xalqının ən böyük nailiyyəti olan milli müstəqilliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsində, ölkənin mənafelərinin hərtərəfli qorunması və təminatı istiqamətində fədakarlıqla və əzmlə xidmət göstərir, xalqına və dövlətinə şərəfli xidmət missiyasını layiqincə davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Sabitlik, təhlükəsizlik Azərbaycanda bütün məsələlərin həlli üçün başlıca şərtdir və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir, sabitlik qorunub saxlanılır” fikri dahi şəxsiyyət Heydər Əliyevin peşəkarlıq məktəbini şərəflə və uğurla davam etdirən dövlət təhlükəsizliyi orqanlarının əməkdaşlarının fəaliyyətinə verilən ən dəyərli qiymətin bariz nümunəsidir.

H.Zeynallı