Rəqəmsal texnologiyaların sürətli inkişafı kitab və mütaliə dünyasında da ciddi dəyişikliklərə yol açır. Elektron kitabların əlçatanlığı oxuculara yeni imkanlar yaratdığı halda, ənənəvi kitabçılığın gələcəyi ilə bağlı müzakirələri də aktuallaşdırır. Süni intellektin ədəbi yaradıcılığa nüfuz etməsi isə yazıçının rolu, müəlliflik və yaradıcılıq anlayışlarına yeni yanaşmalar formalaşdırır. Bununla yanaşı, kağız kitabın özünəməxsus atmosferi, səhifələrinin qoxusu və oxucu ilə yaratdığı mənəvi bağ hələ də öz dəyərini qoruyur. Mövzu ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi, yazıçı-publisist, şairə Pərvanə Bayramqızı ilə söhbətləşdik.

-Pərvanə xanım, elektron kitab ənənəvi kitab oxumaq mədəniyyətini dəyişdirirmi?
- Müəyyən mənada dəyişdirir. Texnologiyanın inkişafı ilə insanların kitab oxuma vərdişləri, məlumat əldə etmək üsulları və mütaliəyə münasibəti də dəyişir, amma bu dəyişiklik ənənəvi kitabların əhəmiyyətini itirmir.
Münasibət fərddən-fərdə dəyişir. Günümüzdə elə adam var, kitabın özünü hiss edərək oxumağı sevdiyini deyir. Gənclər arasında da kitabdan oxumağı xoşladığını deyən, elektron kitabdan az istifadə etdiyini bildirənlər çoxdur.
-Süni intellekt gələcəkdə yazıçının yaradıcılıq fəaliyyətini əvəz edə bilərmi?
-Yaradıcılıq fəaliyyətinə ciddi təsir göstərə bilər, amma onun yazıçıları tamamilə əvəz etməsi, məncə, mümkün olmayacaq. Ədəbiyyat insan ruhundan yaranan söz sənətidir, süni intellektin yaratdığı ədəbiyyatda duyğu, hiss, düşüncə insanın, yəni yazıçının yaratdığı kimi canlı ola bilməz.
-Rəqəmsal kitabların yayılması nəşriyyatların və kitab mağazalarının fəaliyyətinə necə təsir göstərəcək?
– Texnologiyanın inkişafı kitab sənayesinə həm yeni imkanlar yaradır, həm də müəyyən çətinliklər gətirir. Çap, kağız və daşınma xərclərini azaltmaq imkanı yaranır. Müəlliflər əsərlərini rəqəmsal platformalar vasitəsilə daha asan yayımlaya bilirlər. Bəzi oxucular fiziki mağazalardan alış-veriş etmək əvəzinə onlayn platformalara üstünlük verirlər. Buna tab gətirmək üçün gərək ənənəvi mağazalar kitab təqdimatları, imza günləri və ədəbi tədbirlər və digər maraqlı işlər təşkil edərək oxucuları cəlb etsinlər.
-Gənc nəslin elektron kitablara marağının artması mütaliə ənənələrini zəiflədə bilərmi?
– Bu, daha çox gənclərin texnologiyadan necə istifadə etməsindən və kitaba münasibətindən asılıdır. Hər halda mənfi təsir göstərə bilib.
-Kağız kitabın özünəməxsus qoxusu, toxunuşu və oxu atmosferi rəqəmsal mühitdə əvəzolunmaz olaraq qala bilərmi?
– Bəli, qala bilər, çünki kitab oxumaq yalnız məlumat əldə etmək deyil, həm də insana mənəvi zövq verən xüsusi bir təcrübədir. Kitab səhifələrinin qoxusu adamda xoş hisslər və xatirələr yaradır.
Yunis