Advertisment

“İqlim maliyyələşməsi üzrə real mexanizmlər yaradılmalıdır”-QHT sədri

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) qlobal ekoloji gündəliyin əsas müzakirə platformalarından birinə çevrilib.

Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarını, alimləri, beynəlxalq təşkilatların nümayəndələrini və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirən toplantının başlıca məqsədi iqlim dəyişmələrinin qarşısının alınması və onun mənfi nəticələrinin minimuma endirilməsi istiqamətində beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Məsələ ilə bağlı Herbiand.az-a açıqlama verən Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu bildirib ki, COP31 konfransı ölkələrin Paris Sazişi çərçivəsində üzərinə götürdükləri öhdəliklərin icrasını sürətləndirmək, siyasi bəyanatları konkret fəaliyyət mexanizmlərinə çevirmək baxımından mühüm platformadır:

“Antalya sammitində qlobal istiləşmə, karbon emissiyalarının azaldılması, bərpaolunan enerjiyə keçid, su ehtiyatlarının qorunması və səhralaşma kimi həyati əhəmiyyətli məsələlər müzakirə olunur. Lakin bu proseslərin real nəticələr verməsi üçün iqlim maliyyələşməsi məsələsi xüsusi strateji əhəmiyyət daşıyır.

İqlim böhranından daha çox zərər çəkən inkişaf etməkdə olan ölkələrin yaşıl texnologiyalara çıxışı təmin edilməli, iqlim fəlakətlərindən yaranan itki və zərərlərin qarşılanması üçün maliyyə resursları əlçatan olmalıdır. 

İnkişaf etmiş dövlətlərin bu istiqamətdə daha böyük məsuliyyət daşıması, ayrılan vəsaitlərin şəffaf və səmərəli mexanizmlərlə istifadəsi qlobal ekoloji ədalətin əsas şərtlərindəndir. Xüsusilə Bakıda keçirilən COP29-da iqlim maliyyələşməsi istiqamətində əldə olunan razılaşmalar və qəbul edilən qərarlar beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməli, onların icrası üçün daha konkret və işlək mexanizmlər yaradılmalıdır.

Maliyyə öhdəlikləri yalnız sənədlərdə və siyasi bəyanatlarda əks olunmamalı, real layihələrə, texnoloji yeniliklərə və ekoloji bərpa proqramlarına çevrilməlidir. İqlim maliyyəsinin ayrılması ilə yanaşı, onun hansı ölkələrə, hansı şərtlərlə və hansı nəticələrə hesablanaraq yönəldilməsi də aydın olmalıdır”.

QHT sədri bildirib ki, ekoloji böhran artıq bəşəriyyətin gələcəyi üçün ciddi təhlükəyə çevrilib və dünyanı uçuruma aparan qlobal risklərdən biridir.

“Quraqlıq, su qıtlığı, meşə yanğınları, səhralaşma, biomüxtəlifliyin azalması və ekstremal hava hadisələri dövlətlərin iqtisadiyyatına, ərzaq təhlükəsizliyinə və insanların həyat şəraitinə birbaşa təsir göstərir. Təəssüf ki, qlobal güclər və aparıcı dövlətlər bəzən geosiyasi rəqabətə və iqtisadi maraqlara daha çox diqqət ayırır, halbuki ekoloji təhlükəsizlik beynəlxalq gündəliyin prioritet istiqamətlərindən biri olmalıdır. 

Dünyanın aparıcı dövlətləri siyasi və iqtisadi ziddiyyətləri kənara qoyaraq iqlim problemlərinin həllinə daha çox resurs, siyasi iradə və texnoloji imkanlar yönəltməlidirlər. Əks halda, bu gün atılmayan addımların nəticələri gələcək nəsillər üçün daha ağır və geri dönməz fəsadlar yarada bilər”-deyə, Xəzər Teyyublu vurğulayıb.

İctimai Birliyin sədri konfransın beynəlxalq əhəmiyyətinə toxunaraq qeyd edib ki, iqlim dəyişmələri ilə mübarizə ayrı-ayrı dövlətlərin deyil, bütün bəşəriyyətin ortaq məsuliyyətidir və siyasi maraqlardan asılı olmayaraq koordinasiyalı fəaliyyət tələb edir:

“Bu platforma dövlətlər arasında elmi əməkdaşlığı, təcrübə mübadiləsini və ekoloji innovasiyaların tətbiqini genişləndirmək üçün mühüm imkanlar yaradır.

Xüsusilə su qıtlığı və quraqlıq təhlükəsi ilə üzləşən regionlar üçün burada müzakirə olunan təşəbbüslər və qəbul ediləcək qərarlar gələcək onilliklərin ekoloji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır”.

Aydın 
Herbiand.az