Advertisment

Yaddaşdan gələcəyə…

Tovuz–Qazax bölgəsi Azərbaycan coğrafiyasının həm günbatar qapısı, həm də qədim türk yaddaşının, milli-mənəvi dəyərlərimizin, ozan-aşıq sənətimizin, söz və saz mədəniyyətimizin önəmli ocaqlarından biridir. Bu bərəkətli torpaqların tarixi özəlliyini, mədəni iülimini dəyərləndirərkən qədim inanclar sistemi, təbiətə münasibət, Tanrı anlayışı, folklor və etnoqrafik yaddaşla bağlı zəngin qatları da göz önündə tutmalıyıq.

Əlbəttə, Tovuz–Qazax bölgəsini tanrıçılığın mütləq və yeganə beşiyi kimi təqdim etmirik. Ancaq bu bölgənin qədim türk dünyagörüşünün izlərini, inanclarını, mənəvi kodlarını yaşadan mühüm mədəniyyət areallarından biri olması ciddi elmi araşdırmalara layiq mövzudur.

Türk Xalqları Universitetinin məhz bu bölgədə yaradılması ideyasına yalnız yeni bir ali təhsil ocağının təsis edilməsi kimi baxmamalıyıq. Bu, daha geniş anlamda, tarixi yaddaşın çağdaş elmlə, milli kimliyin ümumtürk düşüncəsi ilə, mədəni irsin gələcəyin intellektual potensialı ilə qovuşdurulması təşəbbüsü ola bilər.

Belə bir universitetin türkologiya, tarix, dilçilik, folklorşünaslıq, kulturologiya, arxeologiya, etnoqrafiya, beynəlxalq münasibətlər, rəqəmsal humanitar elmlər və digər istiqamətlər üzrə ixtisaslaşması məqsədəuyğun olardı. Eyni zamanda, bu təhsil ocağı gələcəyi layihələndirən elmi-intellektual mərkəz kimi düşünülməlidir.

Tovuz–Qazaxın coğrafi mövqeyi də bu təşəbbüsə ayrıca anlam qazandırır. Azərbaycan–Gürcüstan bağları, Borçalı ilə ortaq mədəni irs, Türkiyə ilə mənəvi və strateji yaxınlıq, bütövlükdə Türk dünyasının inteqrasiya perspektivləri burada beynəlxalq əhəmiyyətli təhsil və mədəniyyət mühitinin formalaşdırılmasına imkan verərdi.

Borçalı məsələsinə özəl diqqət yetirmək vacibdir. Borçalı bizim üçün Azərbaycan ədəbiyyatının, aşıq sənətinin, el yaddaşının və mənəvi irsinin ayrılmaz ünvanlarından biridir. Tovuz, Qazax, Ağstafa ilə Borçalı (habelə gələcəyi düşünərək vurğulasaq, Göyçə!) arasında tarixən formalaşmış qohumluq, yaradıcılıq və mədəniyyət bağları çağdaş dönəmdə daha sistemli məzmun qazanardı.

Təklif olunan universitet bu baxımdan Azərbaycan–Gürcüstan mədəni və elmi əməkdaşlığının da mühüm mərkəzinə çevrilə bilər. Borçalıdan olan gənclər üçün təhsil imkanlarının genişləndirilməsi, ortaq folklor ekspedisiyalarının təşkili, aşıq məktəblərinin öyrənilməsi, tarixi toponimlərin və şifahi xalq ədəbiyyatının tədqiqi, birgə elmi konfranslar, ədəbi festivallar və tələbə mübadiləsi proqramları konkret fəaliyyət istiqamətləri ola bilər.

Mədəniyyətin missiyası sərhədin hər iki tərəfində yaşayan insanların mənəvi yaxınlığını qorumaqdır.

Bununla yanaşı, Türk Xalqları Universiteti təşəbbüsünün mövcud Türk Universitetləri Birliyi və Orhun Mübadilə Proqramı ilə, eləcə də Türküstandakı Yəsəvi adına Qazax–Türk Universiteti, Bişkekdəki Manas Universiteti, Daşkənddəki Türk Dövlətləri Beynəlxalq Universiteti, Bakıdakı Türkiyə–Azərbaycan Universiteti ilə əlaqələndirilməsi də məqsədəuyğun olardı. Adıçəkilən Orhun proqramı artıq türk dünyasında tələbə və müəllim mübadiləsi üçün institusional imkanlar yaradır. Yeni universitetin işbirliyi mühitinə qoşulması onun beynəlxalq fəaliyyətinə başlanğıcdan güvənli zəmin verə bilər.

Əlbəttə, belə böyük təşəbbüsün gerçəkləşməsi üçün elmi əsaslandırma, müvafiq dövlət qurumlarının rəyi, iqtisadi səmərəlilik, akademik kadr potensialı və davamlı maliyyələşmə imkanları öyrənilməlidir. Hətta ilkin mərhələdə Türk Dünyası Araşdırmaları Mərkəzinin, yaxud beynəlxalq elmi-təhsil konsorsiumunun yaradılması, sonrakı mərhələdə isə müstəqil universitet modelinə keçilməsi nəzərdən keçirilə bilər.

Burada bir məqamı da göz önündə tutmalıyıq: Azərbaycanda artıq zəngin ali təhsil gələnəkləri və inkişaf edən universitetlər şəbəkəsi vardır. Son illərdə yaradılmış Türkiyə–Azərbaycan Universiteti, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti, o cümlədən sonuncunun humanitar elmlər və beynəlxalq akademik işbirliyi imkanları bu baxımdan ayrıca önəm daşıyır. Türkiyə ilə elm və təhsil bağlarımızın genişlənməsi, mövcud universitetlərimizin türkologiya və digər humanitar istiqamətlər üzrə potensialı da nəzərə alınmalıdır. Odur ki, Türk Xalqları Universitetinin yaradılması ideyasını təxirəsalınmaz bir tələb kimi yox, gələcəkdə elmi, institusional və iqtisadi baxımdan dəyərləndirilməyə layiq perspektiv təşəbbüs kimi görmək daha doğru olardı. Əsas məsələ yeni universitetlərin sayını artırmaqdan daha çox, mövcud elmi-təhsil imkanlarını zənginləşdirmək, qarşılıqlı tamamlayıcılığı təmin etmək və zaman yetişdikdə yeni keyfiyyət mərhələsinə keçməkdir.

Məsələnin başqa bir önəmli tərəfi isə bölgələrimizin intellektual və demoqrafik dirçəlişidir. Tovuz–Qazaxda belə bir elm-təhsil ocağının formalaşması gənclərin bölgədə təhsil almasına, yeni iş yerlərinin yaranmasına, mədəni həyatın canlanmasına, kəndlərimizin və rayonlarımızın sosial-iqtisadi potensialının güclənməsinə xidmət edə bilər.

Biz bəzən tarixi irsi yalnız qorumaq haqqında düşünürük. Halbuki irsin ən yaxşı qorunma yollarından biri onu yeni bilik, yeni yaradıcılıq və yeni inkişaf imkanlarına çevirməkdir.

İstərdik, böyük ozanların, aşıqların, şairlərin yetişdiyi yurd kimi tanınan Tovuz–Qazax həm də gələcəyin türkoloqlarının, kulturoloqlarının, alimlərinin, yaradıcı gənclərinin yetişdiyi beynəlxalq elm ocağı kimi tanınsın.

Türk dünyasının birliyi həm də ortaq gələcək qurmaq bacarığı ilə möhkəmlənir.
Tovuz–Qazaxdan Borçalıya uzanan mədəniyyət körpüsü, oradan isə bütöv Türk dünyasına açılan elm və təhsil üfüqü – bax, bu, tarixi yaddaşın gələcəyə çevrilməsinin gözəl örnəyi olardı!

Nəhayət, bir fikri vurğulamadan keçməyək: universitet – düşüncə mühiti, mənəvi cazibə mərkəzi, gələcəyə ünvanlanmış mədəniyyət hadisəsidir.

Tovuz–Qazaxın tarixi-mənəvi potensialı belə bir hadisəyə layiqdir. Əsas məsələ bu potensialı elmi cəhətdən əsaslandırılmış, beynəlxalq işbirliyinə açıq və gerçək sonuclar doğuran bir layihəyə çevirməkdir.

Biz bütövlükdə bölgəni ifadə anlamında Tovuz–Qazax desək də, əlbəttə, universitetin bir rayonda yaradılması daha ağlabatandır; Qazaxda universitet filialı var və məncə, belə bir universitetin yaradılması məsələsinə gələcəkdə baxılacağı təqdirdə, konkret olaraq Tovuzun mümkün məkanlardan biri kimi dəyərləndirilməsi məqsədəuyğun sayılmağa layiqdir.
Əkbər Qoşalı
Yazıçı, publisist