Advertisment

SSRİ-ni qorxuya salan 18 gün: "Milli oyanış müstəqilliyə yol açdı"

Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yol xalqımızın milli oyanış, azadlıq və suverenlik uğrunda apardığı çətin mübarizədən keçib. 1988-ci ilin noyabrında Bakının “Azadlıq” meydanında başlanan kütləvi mitinqlər bu mübarizənin tarixində dönüş nöqtələrindən birinə çevrildi. Qarabağda baş verən hadisələrə, erməni separatizminə və sovet hakimiyyətinin ədalətsiz siyasətinə etiraz olaraq meydana toplaşan xalq qısa müddətdə öz siyasi iradəsini ortaya qoydu. Bu hadisələr tədricən ümumxalq azadlıq hərəkatına çevrilərək Azərbaycanın müstəqil dövlətçilik ideyasının gerçəkləşməsinə mühüm təkan verdi.

Keçmiş hərəkatçı, Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu Herbiand.az-a açıqlamasında həmin tarixi proseslərin əhəmiyyətindən danışıb:

“1988-ci il Sovet İttifaqında yenidənqurma prosesinin getdiyi, eyni zamanda Azərbaycanda milli oyanışın gücləndiyi mühüm tarixi mərhələ idi. Qarabağda Topxana meşəsinin ermənilər tərəfindən dağıdılması və erməni separatçılarının Azərbaycana qarşı ərazi iddiaları xalq arasında ciddi narazılıq və etiraz doğurdu. Bu hadisələr Azərbaycan cəmiyyətində milli özünüdərkin güclənməsinə, insanların öz tarixi torpaqlarının müdafiəsi naminə bir araya gəlməsinə səbəb oldu. Xalq könüllü şəkildə Bakının o zamankı Lenin meydanına – indiki “Azadlıq” meydanına toplaşaraq Sovet hakimiyyətindən Qarabağda baş verən hadisələrə və erməni separatçılığının qarşısının alınmasına münasibət bildirməyi tələb edirdi. İlk baxışda etiraz aksiyaları kimi başlayan bu proses qısa müddətdə milli azadlıq hərəkatına çevrilməyə başladı. 17 noyabr 1988-ci ildə başlayan kütləvi mitinqlər Azərbaycan xalqının milli iradəsinin, azadlıq və müstəqillik istəyinin açıq ifadəsi idi”.

Xəzər Teyyublu bildirib ki, Bakı böyük sənaye şəhəri olduğundan zavod və fabriklərdə başlayan tətillər, küçə yürüşləri və kütləvi etirazlar hərəkatın miqyasını daha da genişləndirdi: “İnsanlar artıq yalnız Qarabağda baş verən hadisələrə etiraz etmirdilər, eyni zamanda milli kimliklərini, hüquqlarını və öz müqəddəratlarını müstəqil müəyyən etmək iradələrini ortaya qoyurdular. Meydana toplaşan yüz minlərlə insanın birliyi xalqın təşkilatlanma gücünü və milli həmrəyliyini nümayiş etdirirdi.

Təxminən 18 gün davam edən meydan hərəkatı həmin il dekabrın 5-də Sovet ordusu tərəfindən zor gücünə dağıdıldı. Lakin meydanın dağıdılması xalqın azadlıq iradəsini sındıra bilmədi. Əksinə, milli azadlıq düşüncəsi artıq cəmiyyətin müxtəlif təbəqələrində kök salmış, müstəqillik ideyası dönməz ictimai-siyasi prosesə çevrilmişdi”.

X.Teyyublu bildirib ki, hərəkatın siyasi mübarizə müstəvisinə keçməsi, xalqın müstəqillik tələbinin güclənməsi nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi və dövlət müstəqilliyimiz bərpa olundu.

“17 Noyabr yalnız kütləvi mitinqlərin başlandığı tarix deyil, həm də Azərbaycan xalqının milli oyanışının, azadlıq iradəsinin və müstəqil dövlətçilik arzusunun ümumxalq hərəkatına çevrildiyi tarixi gündür. Həmin gün Azadlıq meydanında başlanan mübarizə xalqımızın müstəqilliyə gedən yolunda mühüm mərhələ oldu. Bu tarixi hadisələr gələcək nəsillərə milli birliyin, həmrəyliyin və azadlıq uğrunda mübarizənin nə qədər böyük əhəmiyyət daşıdığını xatırladır”.

Aydın

Herbiand.az