Finlandiya sahillərində pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalan Rusiyaya məxsus “Sparta II” yük gəmisində yanğın hələ də söndürülməyib.
Herbiand.az xəbər verir ki, bu barədə Finlandiyanın Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında yanğının söndürülməsi istiqamətində tədbirlər görülsə də, alov davam edib. Hadisə yerinə cəlb olunan bir neçə gəmi su şırnaqları vasitəsilə yanğını söndürməyə və göyərtədəki konteynerləri soyutmağa çalışıb.
Finlandiya hərbçilərinin məlumatına görə, gəmiyə hücumun Ukrayna tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hücumdan sonra Finlandiyanın ərazi sularına daxil olan gəmi hazırda lövbərdə dayanır.
Gəminin 16 nəfərdən ibarət heyəti təxliyə edilərək yaxınlıqdakı Rusiya gəmisinə keçirilib.
Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı İvo Vark isə Finlandiya körfəzində yeni hücumların baş verməsi ehtimalını istisna etməyib.
Qeyd edək ki, Kalininqrada istiqamət alan “Sparta II” gəmisinə noyabrın 21-də iki PUA ilə hücum edilib. Gəmi Rusiyanın Müdafiə Nazirliyinə logistika xidmətləri göstərən “Oboronlogistika” şirkətinə məxsusdur və ABŞ-nin sanksiyaları altındadır.