Advertisment

Qəhrəman şəhid Həmid Qasımovun doğum günü ehtiramla anılıb

Kəngərli rayonunun Qabıllı kəndində Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış baş leytenant Həmid Oruc oğlu Qasımovun doğum günü münasibətilə tədbir keçirilib.

Şəhidin müqəddəs məzarı önündə təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhid Həmid Qasımovun keçdiyi şərəfli həyat və döyüş yolundan, onun yüksək vətənpərvərlik ruhundan və torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsindən ətraflı bəhs edib. Bildirilib ki, xalqımızın qəhrəman oğulları Vətən qarşısındakı müqəddəs borclarını layiqincə yerinə yetirərək adlarını Azərbaycan tarixinin şərəf salnaməsinə yazdırıblar. Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, onların ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Çıxış zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən danışılıb, 44 günlük Vətən müharibəsində xalqımızın birlik və həmrəylik nümayiş etdirdiyi vurğulanıb. Bildirilib ki, işğaldan azad olunmuş torpaqlarımızda bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, doğma Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir.

Kamal Ələkbərov çıxışında mayın 10-da Ümummilli Lider Heydər Əliyevin doğum gününün qeyd olunmasını da xüsusi vurğulayaraq bildirib ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün uğurla davam etdirilir. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin beynəlxalq nüfuzunun daha da artması və torpaqlarımızın işğaldan azad olunması məhz Heydər Əliyev siyasi kursunun təntənəsidir. Vurğulanıb ki, Ümummilli Liderin ruhu bu gün şaddır, çünki onun arzuladığı güclü və qalib Azərbaycan reallığa çevrilib.

Daha sonra Şəhid atası Nurəddin Qədimov çıxış edərək şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu bildirib, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xalqımız tərəfindən daim ehtiramla yad ediləcəyini vurğulayıb.

Şəhid baş leytenant Həmid Oruc oğlu Qasımovun anası Tovuz Qasımova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, övladının Vətən uğrunda şəhid olmasından qürur duyduğunu qeyd edərək, şəhidlərimizin xatirəsinin daim uca tutulmasının ailələr üçün böyük mənəvi dəstək olduğunu vurğulayıb.

Milli Ordunun zabiti Naib Cəfərov və müharibə iştirakçısı Şakir Babayev isə çıxışlarında şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıq və igidlik nümunələrindən danışıblar. Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın həyat yolu gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.

Tədbir çərçivəsində məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda şəhidlərin məzarları üzərinə tər qərənfillər düzülüb, xatirə şəkli çəkdirilib.

Bəxtiyar ƏLİYEV, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi