2025-ci ilə şəhərlərdə yaşayan əhalinin payı qlobal əhalinin 45 faizinə yüksəlib.
Herbiand.az xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Əhali Bölməsinin təmsilçisi Şeril Soyer Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Gələcək urbanizasiyası: şəhərləriniz qarşıdakı onilliklərdə necə dəyişəcək?" mövzusunda tədbirdə bildirib.
Tədbirdə BMT-nin "Dünya Urbanizasiya Perspektivləri 2025" hesabatını təqdim edən Soyer bildirib ki, 1950–2025-ci illər ərzində şəhərlərdə yaşayan əhalinin payı qlobal əhalinin 20 faizindən 45 faizinə yüksəlib.
Təqdimatda qeyd olunub ki, bu dövrdə dünya əhalisi 2,5 milyard nəfərdən 8,2 milyarda çatıb. Eyni zamanda kənd əhalisinin payı 40 faizdən 20 faizə qədər azalıb.
Məruzədə vurğulanıb ki, 2050-ci ilə qədər gözlənilən əhali artımının üçdə ikisi şəhərlərin payına düşəcək, qalan artımın böyük hissəsi isə qəsəbələrdə qeydə alınacaq. Kənd əhalisinin isə 2040-cı illərdə pik həddə çatdıqdan sonra azalmağa başlayacağı proqnozlaşdırılır.
Yeni “Degree of Urbanization” metodologiyasına əsasən, 2025-ci ildə dünyanın ən böyük şəhəri kimi Cakarta göstərilib. Əvvəlki hesabatlarda bu mövqe adətən Tokioya aid edilirdi.
Hesabatda qeyd olunub ki, meqapolislərin sayı 1975-ci ildəki 8 şəhərdən 2025-ci ildə 33-ə yüksəlib və 2050-ci ilə qədər bu rəqəmin 37-yə çatacağı gözlənilir. Ən böyük beş şəhər isə Cakarta, Laqos, Tokio, Qahirə və Dehli olub. Bununla yanaşı, hesabat göstərir ki, dünya üzrə şəhərlərin böyük əksəriyyəti kiçik və orta ölçülüdür.
Yeni metodologiya ilə müəyyən edilən 12 min şəhərin 96 faizinin əhalisi 1 milyondan az, 81 faizinin isə 250 mindən azdır. Əhali artımının əsas hissəsinin yeni şəhərlərin yaranması deyil, mövcud şəhərlərin genişlənməsi hesabına baş verdiyi bildirilib.
Təqdimatda qeyd olunub ki, 2025–2050-ci illərdə şəhər əhalisinin artımının təxminən yarısı yeddi ölkənin payına düşəcək. Bunlar Hindistan, Nigeriya, Pakistan, Misir, Konqo Demokratik Respublikası, Banqladeş və Efiopiyadır.
Hesabatda ölkələr üzrə məskunlaşma strukturu da təhlil edilib. Bildirilib ki, 104 ölkədə əhalinin əsas hissəsi şəhərlərdə yaşayır, 71 ölkədə qəsəbələr dominantdır, 62 ölkədə isə kənd məskənləri üstünlük təşkil edir.
BMT hesabatına görə, hazırda dünya əhalisinin 45 faizi şəhərlərdə, 36 faizi qəsəbələrdə, 19 faizi isə kənd ərazilərində yaşayır.