Hədəfimiz XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində tədqiqatları davam etdirmək olub. Ömrünü, intellektul potensialını və hətta maddi sərvətini elmə həsr edən Salman Mümtaz kimi bir insan necə ola bilərdi ki, cəmiyyət və dövlət üçün təhlükəli olsun? Məlum məsələdir ki, cinayətkarın yeri həbsxanadır. Amma günahsız elm adamlarını həbsxanaya, ölüm düşərgələrinə göndərməklə totalitar sovet rejimi öz qəddar simasını ortaya qoyub. Salman Mümtazd haqqında xeyli yazılıb. Amma araşdırmalı məqamlar çoxdur.
O, 1884-cü ildə tacir ailəsində doğulub. Salman Məmmədəmin oğlu Əsgərov ilk təhsilini Aşqabadda alıb. Onun atası Məmmədəmin Aşqabadda ticarətlə məşğul olur. Sonralar Salman Mümtaz məhz həmin ticarətin sayəsində bir çox xeyriyyə işlərinə, o cümlədən, Azərbaycan şairlərinin əlyazmalarının toplanması işinə imza atır.
Tədqiqatçı Aslan Kənan yazır: Salman dayısının yanında ticarətlə məşğul olmaq məcburiyyətində qalır. Fitri istedad, ədəbiyyata hədsiz maraq, güclü hafizə sahibi olan S.Mümtaz ticarətlə məşğul olmaqla yanaşı, fars, ərəb və urdu dillərini də mükəmməl öyrənməyə səy göstərmişdir. Məhz bunun nəticəsi idi ki, o dünya ədəbiyyatı klassiklərinin əsərlərini və zəngin folklorumuzun toplanmasında хüsusi хidmətlər göstərmişdir. S.Mümtaz ticarətdə əldə etdiyi qazancı yalnız nadir kitablara, cünglərə, qədim əlyazmalara sərf edirdi. Bunun nəticəsi idi ki, S.Mümtaz хalqımızın nadir incilərini itib-batmaqdan, məhv olmaqdan хilas etmək üçün nəinki Azərbaycanı, hətta qonşu ölkələri dolaşır, oba-oba, ev-ev, gəzərək əlyazmalar sorağına düşür və şəхsi hesabına onları əldə edirdi”.[ A.Kənan “XX əsrdə repressiyaya məruz qalanlar” kitabı, Bakı , 2011]
Salman Mümtazın kiçik yaşlarında Mirzə Ələkbər Sabirlə görüşü onun həyatında bir dönüş yaradır. Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənir. Şərqin bir çox klassik şairlərinin əsərlərini dönə-dönə oxuyur.
1908-–1909-cu illərdə “Molla Nəsrəddin” və dövrün bir çox nəşrləri ilə əməkdaşlıq edən Salman Mümtaz “Xortdan bəy”, “Sağsağan” kimi imzalarla yazılar çap etdirirdi. Gördüyü işlərdə həmişə Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mirzə Cəlildən mənəvi dəstək görən S.Mümtaz “Molla Nəsrəddın” jurnalının geniş yayılmasına dəstək olur. 1913-cü ildə Salman Mümtaz ilk kitabı olan “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı”nı Mirzə Cəlilin Tiflisdə fəaliyyət göstərən “Qeyrət” mətbəəsində nəşr etdirir.
Cümhuriyyətin yaranması ərəfəsində o, ailəsi ilə birlikdə Bakıya köçərək, “Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyət göstərir. Qəzetdəki fəaliyyəti ilə yanaşı, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanmağa başlayır. 1919-cu ildə “Yaşıl Qələm” Ədəbi Cəmiyyətinin üzvü olan S.Mümtaz cəmiyyətin normal fəaliyyət göstərməsi üçün çox böyük həvəslə maddi yardımlar edir.
Sovetləşmədən sonra da öz ədəbi fəaliyyətini davam etdirən Salman Mümtaz 1920–1925-ci illərdə Azərbaycanı qarış-qarış gəzərək, öz şəxsi vəsaiti hesabına 200-ə yaxın kitab, əlyazma və məqalə toplamağa nail olur və “Kommunist” qəzetində “Unudulmuş yarpaqlar” adı altında silsilə məqalələr dərc etdirir. Elə bu dövrdə onun rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının bərpası komissiyası təşkil olunur. Salman Mümtaz Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun kapitalizmə qədər olan dövr üzrə Azərbaycan ədəbiyyatı bölməsinin müdiri (1929–1932), Azərbaycan Dövlət Muzeyinin elmi işçisi (1932–1933) olub. Görkəmli mətnşünas eyni zamanda, həm “Azərnəşr”in klassik irs şöbəsinin müdiri (1933–1936), həm də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat bölməsinin elmi işçi, daha sonra müdiri vəzifəsində çalışıb (1933–1937).
Lakin 1937-ci ilin qanlı repressiya burulğanı bu ziyalı insandan da yan keçmədi. Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirlər.
“Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və 8 oktyabr 1937-ci ildə siyasi düşmən kimi həbs olunaraq, ağır işgəncələrə məruz qalır. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilir. Məhkəmədə əksinqilabi millətçi təşkilata üzv olduğunu sübut etmək üçün B.Çobanzadə, Ə.Qubaydullin, R.Axundov və başqaları ilə qarşıdurmalar yaransa da, o, millətçi mövqedə olmadığını bildirir. Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur. 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnir.
Tədqiqatçı Nəsiman Yaqublu “Ağrılı ömürlər” (Bakı, Yazıçı, 1990. səh. 121.) adlı kitabında Salman Mümtazla bağlı maraqlı məqamlara aydınlıq gətirib. Müəllif yazır: Salman Mümtazın qızı Şəhla Mümtazzadə atasına baş çəkmək üçün 1938-ci ildə həbsxanaya gəlir. O, atasını görəndə dəhşətdən özünü itirir. Salman Mümtazın bütün dişləri tökülmüşdü, üz-gözündə şiş, göy vardı”.[ N. Yaqublu “Ağrılı ömürlər” (Bakı, Yazıçı, 1990. səh. 121.)]
Digər bir mənbə. Osman Mirzəyevin tərtibatında çap olunan “Ağ ləkələr” kitabında qeyd olunub: “Salman Mümtazın qızı xatırlayır ki, atamla ailəsi ilə 15 dəqiqəlik görüş verdilər. Həmin görüşdə atam danışırdı ki, professor Çobanzadə və Ə.Qubaydullin yalanlarına şahidlik edib üzümə durublar. Ə.Qubaydullina çox yaxşılığı keçmiş Salman Mümtaz professoru məzəmmət edir. Qubaydullin ona sarı atılıb kədərli bir səslə “məcburam Salman, məcbur eləyirlər, bacarmıram. Sonra nəzarətçilər professorun başına, ağzına təpiklə vuraraq, onu sürüyə-sürüyə aparırlar”.[ O. Mirzəyev “Ağ ləkələr silinir” kitabı, Bakı, 1991, səh. 93]
Folklorşünas alim, professor Azad Nəbiyev Salman Mümtazın irsi ilə bağlı acı bir həqiqətə toxunmuşdur: “ S. Mümtaz ömrünün ən gözəl çağlarında, elmi və ictimai fəaliyyətinin genişləndiyi dövrdə repressiyaya məruz qalmış, onun arxivi, zəngin kitabxanası tonqallarda yandırılmışdır. Nəşr etdirdiyi əsərlərlərin bir qismi də sonradan müxtəlif müəlliflər tərəfdən mənimsənilmişdir”.[ A.Nəbiyev “Folklor irsinə qayıdış”, “El şairləri” Bakı, 2005, s. 3.)]

Əkrəm Bəydəmirli