Ukraynanın xarici işlər naziri Andriy Sibiha Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya ilk rəsmi səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Nazır bu barədə “X” sosial şəbəkəsində yazıb.
Ukrayna XİN başçısı Ceyhun Bayramovu dostu adlandıraraq onu Kiyevdə salamlamaqdan məmnunluq duyduğunu qeyd edib.
Onun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlər və beynəlxalq gündəliyin əsas məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb: “Danışıqlarımız zamanı regional təhlükəsizlik, davamlı sülhə nail olunması istiqamətində səylər, iqtisadi və enerji sahələrində əməkdaşlıq, eləcə də Azərbaycanın Ukraynanın bərpasına verdiyi mühüm töhfə müzakirə olundu”.
Nazir vurğulayıb ki, bugünkü görüş Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır: “Dialoqumuz yüksək səviyyəli müntəzəm təmaslar, praktiki əməkdaşlıq və ikitərəfli gündəliyin genişləndirilməsi ilə bağlı ortaq iradə sayəsində fəal və məzmunlu olaraq qalır”.
Ukrayna XİN rəhbəri Azərbaycanın müharibənin ilk günlərindən etibarən göstərdiyi humanitar dəstəyə görə təşəkkürünü ifadə edib: “Azərbaycanın xüsusilə Ukraynanın enerji dayanıqlığının gücləndirilməsi, kritik infrastrukturun bərpası və yenidənqurma işlərinə verdiyi dəstəyi yüksək qiymətləndiririk”.
Andriy Sibiha vurğulayıb ki, Ukrayna Azərbaycanın ölkəsinin suverenliyi və ərazi bütövlüyünə göstərdiyi ardıcıl dəstəyi də yüksək qiymətləndirir.
“Ukrayna da öz növbəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə sadiqdir”, – Ukrayna xarici işlər naziri bildirib.
O, Ceyhun Bayramova məhsuldar danışıqlara görə təşəkkür edib: “Əminəm ki, dostluğumuz, qarşılıqlı etimadımız və strateji tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək”.