Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə dayanıqlı yük axınlarına nail olmaq üçün limanlar və maraqlı tərəflər ötürmə qabiliyyəti və keyfiyyət problemlərini operativ şəkildə həll etməlidirlər.
Herbiand.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, marşrut üzrə fəaliyyət göstərən logistika və nəqliyyat strukturlarının təhlilinə əsasən, əsas çətinliklər dəmir yolu, konteyner təminatı, donanma və koordinasiya istiqamətlərində cəmləşib.
Xudayar Həsənli onu da əlavə edib ki, Orta Dəhliz çərçivəsində vahid tranzit operatorunun yaradılması bu sahədə şəffaflığı və sürəti təmin edə bilər.
"Vahid tranzit operatorunun (məsələn, UTLK modelinə bənzər) yaradılması, eləcə də Qazaxıstan, Azərbaycan və Gürcüstanın gömrük komitələri arasında ortaq İT platformasının qurulması bu sahədə şəffaflığı və sürəti təmin edə bilər. Maraqlı tərəflər liman infrastrukturu ilə bağlı biristiqamətli giriş kanalının məhdud buraxılış qabiliyyəti və ildə 40 günlük qış naviqasiya dövrü kimi çətinliklərlə üzləşirlər. Kanalın genişləndirilməsi və gəmiçilik şirkətləri ilə donanmanın cədvəl üzrə planlaşdırılması üçün ortaq İT platformasının yaradılması bu maneələrin aradan qaldırılmasına xidmət edir", - Xudayar Həsənli qeyd edib.