Bu gün sentyabrın 2-də Bakı şəhəri 35 nömrəli tam orta ümumtəhsil məktəbində “Təhsilverənlərin və təhsilalanların İKT-dən məqsədyönlü istifadəetmə bacarıqlarının inkişafı” adlı layihə çərçivəsində məlumatlandırma məqsədi daşıyan ilkin dəyirmi masa keçirilib.
Layihənin əsas məqsədi təhsilverənlərin və təhsilalanların informasiya və kommunikasiya texnologiyalarından məqsədyönlü və səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi, müasir texnoloji təhsil yeniliklərinin tətbiqi istiqamətində fəaliyyət göstərən məktəblərlə əməkdaşlığın qurulması və bu sahədə təcrübə mübadiləsinin təşviq edilməsidir.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədri və layihə rəhbəri Pərvanə Talıbova iştirakçılara layihənin məqsəd və vəzifələri, həyata keçiriləcək fəaliyyətlər və gözlənilən nəticələr barədə ətraflı məlumat verib.
Pərvanə Talıbova bildirib ki, layihə çərçivəsində nəzərdə tutulan təlimlərin Bakı şəhəri 35 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, məktəb həm paytaxtda, həm də ətraf ərazilərdə yerləşən təhsil müəssisələri üçün əlverişli məkanda yerləşir və təcrübə mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından uyğun şəraitə malikdir.
Layihə rəhbəri qeyd edib ki, məktəbdə təlimlərin keçirilməsi üçün zəruri texniki və təşkilati imkanlar mövcuddur. Aparılmış sorğular nəticəsində müəllim heyətinin layihəyə və İKT sahəsində yeni biliklərin əldə edilməsinə yüksək maraq göstərməsi layihənin məhz bu təhsil müəssisəsində həyata keçirilməsinin əhəmiyyətini daha da artırır.
Bildirilib ki, son dövrlərdə Azad Müəllimlər İctimai Birliyi tərəfindən həyata keçirilən pilot layihələr çərçivəsində Bakı şəhəri 35 nömrəli tam orta ümumtəhsil məktəbi ilə müntəzəm əməkdaşlıq həyata keçirilib.
Layihə çərçivəsində ümumilikdə 6 təlimin keçirilməsi nəzərdə tutulur. Təlimlərin 3-ü nəzəri, 3-ü isə praktik istiqamətdə təşkil olunacaq. Praktik təlimlərin həyata keçirilməsi zamanı müasir rəqəmsal imkanlardan, o cümlədən Dapti.az platformasının imkanlarından istifadə edilməsi planlaşdırılır.
Dəyirmi masada Azad Müəllimlər İctimai Birliyinin İdarə Heyətinin üzvü Taleh Əliyev, layihənin eksperti Sevil Abbasəlizadə, Dapti.az platformasının Baş Koordinatoru Ayxan bəy, platformanın əməkdaşları Arzu xanım və Səbinə xanım, Bakı şəhəri 35 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Rəna Naibova, direktor müavinləri Azad Sofuyev və Aygün Vəliyeva, məktəbin müəllim heyəti, həmçinin AMİB-in İdarə Heyətinin üzvü Sədaqət Məmmədova iştirak ediblər.
Tədbir zamanı AMİB-in İdarə Heyətinin üzvü Taleh Əliyev və Dapti.az platformasının Baş Koordinatoru Ayxan bəy çıxış edərək layihənin əhəmiyyətindən, müasir təhsil prosesində informasiya və kommunikasiya texnologiyalarının rolundan, müəllim və şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin vacibliyindən danışıblar. Çıxış edənlər layihənin təhsil mühitində İKT-dən daha səmərəli və məqsədyönlü istifadəyə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların layihə ilə bağlı təklif və fikirləri dinlənilib.
Qeyd edək ki, layihənin həyata keçirilməsi nəticəsində təhsilverənlərin və təhsilalanların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, İKT vasitələrindən daha səmərəli istifadə imkanlarının genişləndirilməsi və təhsil prosesində innovativ yanaşmaların təşviqi nəzərdə tutulur.
Layihənin qarşıdakı mərhələlərinin də uğurla həyata keçiriləcəyinə inanır, bütün iştirakçılara və layihə komandasına fəaliyyətlərində uğurlar arzulayırıq.