Azərbaycanın müasir tarixində müharibə, qəhrəmanlıq, şəhidlik və insan taleləri ilə bağlı kifayət qədər zəngin mövzular var, lakin bu böyük tarix hələ də kinomuzda layiqincə öz əksini tapmayıb. Ölkədə hələ 70 il öncə formalaşmış güclü rejissorluq məktəbi, peşəkar aktyorlar və yeni nəsil yaradıcı qüvvələr olduğu halda, müharibə mövzusunda yadda qalan, sanballı bədii filmlərin sayı olduqca azdır. Halbuki Qarabağ müharibəsi dövrü qəhrəmanlıq hekayələri ilə doludur. Bəs problem nədədir? Nə üçün müharibə kimi taleyüklü bir mövzu haqqında böyük ekran əsərləri yarada bilmirik?
Bir neçə sənədli filmin rejissoru, jurnalist Teymur Zahidoğlu herbiand.az-a açıqlamasında bildirib ki, müharibə ilə bağlı sanballı filmlərin çəkilməməsinin bir neçə səbəbi var:
“Bunlardan biri, bəlkə də birincisi bizim rejissorlarımızın münaqişənin tarixi köklərini dərindən bilməməsi, son 38 ildə baş verənləri və müharibəni dərindən öyrənmək istəmədikləri ilə bağlıdr. Əslində, bu 38 illik zaman kəsiyində Qarabağ müharibəsi dövründə elə hadisələr baş verib ki, onların peşəkar şəkildə film istehsalına gətirilməsi dünya kino sənayesinə ciddi töhfələr verə bilərdi. Postsovet məkanında şimal qonşumuz, Belarus, Qazaxıstan, hətta Ukrayna son dövrlərə qədər ikinici dünya müharibəsindən bəhs edən möhtəşəm ekran əsərləri ərsəyə gətiriblər.
Bizdə isə yaxın tariximizi əhatə edən bu qədər hadisə bugünkü texniki imkanların, eləcə də film industriyası üçün yetərincə imkan yaradan başqa resursların fonunda kənarda qalıb.
Yenə deyirəm, əsas problemlərdən biri bizim müharibəni yaxşı öyrənməməyimizdir.
Digər səbəb isə rejissorlarımızın uğur qorxusudur. Konkret desək, belə bir düşüncə var ki, müharibədən bəhs edən filmlər bu gün bazarda daha geniş yayılmış şit, bayağı, komediya janrında filmlərlə rəqabətdə dözümlü, dayanıqlı olmayacaq. Qəbul eləmək istəmirlər ki, tamaşaçılar, filmsevərlər yaxşı kinoya baxmaq üçün internet üzərindəki hətta pullu film platformalarına yetərincə vəsait və zaman xərcləyirlər.
Başqa bir çatışmazlıq isə bəzi yaradıcı adamlarımızın özünəvurğunluq dərdidir.
İndiyədək Qarabağ müharibəsi ilə bağlı istehsal edilmiş filmlərimizin əksəriyyətində nəinki texniki, estetik, məntiqi, həm də hərbi peşəkarlıq baxımından çoxsaylı səhvə yol verilir.
Ssenari müəlliflərimiz, rejissorlarımız, prodüserlərimiz müharibə haqqında film üzərində işləməyə başlamamışdan öncə mütəxəssislərlə məsləhətləşmələr aparmır, toxunulan mövzunu əhatə edən hadisələrin real iştirakçılarının rəyi soruşulmur... Xarici film istehsalçılarının ərsəyə gətirdiyi filmlərin yaradıcı kollektivi haqqında titrlərə nəzər salanda, ən azı 200 nəfərə yaxın adamın istehsalda iştirakının şahidi oluruq. Bizdə isə ən bahalı filmin yaradıcı kollektivi bəzən 3-5, ən çoxu isə 20-30 nəfərdən ibarət olur ki, onun da əksəriyyəti yaradıcılıqdan kənar işləri yerinə yetirənlərin adıdıdr: bir sözlə, sürücü, aşbaz, təmizlikçi və sairə...
Müharibədən bəhs edən sənədli filmlərimizdə də oxşar problemlər mövcuddur.
Və ən nəhayət yuxarıda sadaladığmız çətinlikləri həm birbaşa, həm də dolayısı ilə özündə birləşdirən pul yoxluğu.
Azərbaycanda, mən biləni, indiyədək ən bahalı film "Dolu"dur. Deyilənə görə, büdcəsi o vaxt 1,3-2 milyon manata yaxın olub. Nə qədər doğrudur, deyə bilmərəm?!..
Amma başqa elə bir filmimiz varmı ki, milyonluq büdcəsi olsun?
Təkcə 2020-2021-ci illərdə ölkədə film çəkilişlərinə 11 milyon manat vəsait ayrılıb.
Hanı filmlər? Çəkilibsə onlardan neçə faizi Qarabağ müharibəsini əhatə edir? Şəxsən bilmirəm və yadımda qalacaq yaxşı bir Azərbaycan filminə baxmamışam bu dövrdə”.
T.Zahidoğlu deyib ki, bəzən müharibə mövzusunda film çəkmək istəyən rejissorlarımızın qarşısına müəyyən bürokratik əngəllər də çıxır: “Tutaq ki, hansısa prodakşn Qarabağ müharibəsindən bir film çəkmək istəyir, lap sənədli film çəkməyi düşünür, bunun üçün gərək olan rekivizitlərdən ötrü hara müraciət etməlidir? Söz yox ki, dövlət qurumlarına. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, bir sıra qurumlar öz imkanları daxilində, onları əhatə edən səlahiyyət çərçivəsində kömək etməyə çalışırlar.
Amma digər instansiyalarda bu baryeri aşmaq mümkün olmur".