Havanın temperaturunun yüksəlməsi ilə meşəlik ərazilərdə yanğın riskini artırıb. Uzunmüddətli quraq hava şəraiti zamanı ot örtüyünün, xırda budaqların quruması kiçik bir qığılcımın belə genişmiqyaslı yanğına çevirir. Bu baxımdan isti günlərdə, pik-nik mövsümlərində hər kəs diqqətli və məsuliyyətli olmalıdır.
Ekoloq İradə Həsənova Herbiand.az-a açıqlamasında bildirib ki, xüsuilə istirahət üçün meşələrə, parklara üz tutan insanlar ehtiyatlı olmalıdır: “Meşələr bizim sərvətimizdir. Hamımız şəhərin səs-küyündən, tüstü-dumanından meşələrə, təbiət qoynuna qaçırıq. Çünki meşələrdə oksigen boldur, yaşıllıq insana mənəvi rahatlıq verir. Azərbaycanın meşə fondu onsuz da məhduddur. İri şəhərlərdə yaşıllıq sahələri azalıb. Bu gün meşə sahələrinin genişləndirilməsi üçün iri layihələr həyata keçirilir. Amma çoxillik ağacları, mövcud meşə sahələrini qorumaq da günün tələbidir. Bunun üçün hər bir vətəndaşdan maksimum diqqət tələb olunur”.
Ekoloq hesab edir ki, meşələrə və çay yataqlarına istirahətə yollanan insanlar yemək bişirmək, çay qaynatmaq üçün ocaq qalayarkən diqqətli olmalı, pik-nik üçün yer düzgün seçilməlidir:
“Ocağı nəzarətsiz qoymaq olmaz. Ərazini tərk etməzdən ocağın tam söndüyünə əmin olmaq lazımdır. Yanan siqaret kötüklərini, kibrit çöplərini, digər yanıcı əşyaların meşə və yol kənarlarına atmaq yolverilməzdir. Küləkli havalarda açıq ərazidə od qalamaq olmaz. Yerə şüşə qırıntıları atılmamlıdır. Günəş şüaları şəffaf şüşədən keçərkən bir nöqtəyə fokuslana və quru otu, yarpağı alışdıra bilir. Meşələr təkcə ağacların yanıb sıradan çıxması deyil. Meşə yanğınları bütün bitki örtüyünü məhv edir, canlı aləmə ziyan vurur, insan həyatına risklər yaradır”.
Ekoloqun sözlərinə görə, meşə yanğınlarının qarşısının alınması üçün park və bağlarda, eləcə də digər yaşıllıq ərazilərində yanğın təhlükəsizliyi tədbirləri gücləndirilməlidir.
“Meşəlik ərazilər vaxtaşırı təmizlənməli, tez alışan quru otlar, budaqlar yığılmalı, yanğın riski minumuma endirilməlidir. Bundan başqa sürücülər də diqqətli olmalıdır. Meşəlik ərazilərdən keçən avtomobillərə də texniki nəzarət gücləndirilməlidir. Xüsusilə mühərrik və digər texniki hissələrində tüstülənmə və ya qızma müşahidə olunan nəqliyyat vasitələri vaxtında texniki baxışdan keçirilməli, nasazlıqlar aradan qaldırılmalıdır”.