11 sentyabr 2026-cı il tarixdə Vətən müharibəsi şəhidi, kapitan Meydanov Elməddin Bahaddin oğlunun doğum günü münasibətilə Şərur rayon Şəhidlər Xiyabanında anım tədbiri keçirilib.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ceyhun Davıdov, İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda şəhid kapitan Elməddin Meydanovun keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısında göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan söz açılıb. Qeyd olunub ki, Elməddin Meydanovun və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş digər qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir.
Çıxışlarda, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının tarixi əhəmiyyətindən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət diqqət və qayğısından bəhs edilib.
Sonda şəhid kapitan Elməddin Meydanovun məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Bəxtiyar ƏLİYEV