11 sentyabr 2001-ci ildə ABŞ tarixinin ən ağır terror aktlarından biri baş verdi. “Əl-Qaidə” terror təşkilatının üzvləri tərəfindən qaçırılan dörd sərnişin təyyarəsi terror hücumlarında istifadə olundu. Təyyarələrdən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin Əkiz Qüllələrinə, biri isə Pentaqona çırpıldı. Dördüncü təyyarə sərnişinlərin müqaviməti nəticəsində Pensilvaniya ştatında yerə düşdü. Hücumlar nəticəsində təxminən 3 min insan həyatını itirdi və hadisə ABŞ-ın təhlükəsizlik və xarici siyasətində ciddi dəyişikliklərə səbəb oldu. 11 sentyabr 2001-ci il terror hücumlarından 25 il ötür. ABŞ-da baş verən və minlərlə insanın həyatına son qoyan bu faciə beynəlxalq təhlükəsizlik sisteminə necə təsir göstərdi? 11 Sentyabr hadisələri dünyada terrorla mübarizənin istiqamətini necə dəyişdi və onun geosiyasi nəticələri nələr oldu?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu herbiand.az açıqlamasında bildirib ki, 11 sentyabrdan sonra dünya təhlükəsizlik siyasətində dönüş nöqtəsinə çevrildi:
“Bu hadisələrdən sonra ölkələr terrorizmlə mübarizəni əsas təhlükəsizlik prioritetinə çevirdi, hava limanlarında nəzarət gücləndirildi və beynəlxalq kəşfiyyat əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndi.
11 sentyabr hadisələri təkcə ABŞ tarixində deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemində dönüş nöqtəsinə çevrildi. Bu hadisələrdən sonra Yaxın Şərqdə başlayan hərbi müdaxilələr, geosiyasi qarşıdurmalar və regionun yenidən formalaşdırılması prosesi bu gün də davam edir”.
Siyasi şərhçinin sözlərinə görə, 11 sentyabr Yaxın Şərqin taleyini tamamilə dəyişdi və ABŞ üçün İraqa qoşun yeritmək baxımından əsas arqumentlər yaratdı:

“İraqa qoşun yeridildi, Səddam Hüseyn devrildi və bundan sonra İraqda yaranan qeyri-sabit vəziyyət hələ də davam edir. Sonrakı mərhələlərdə isə Yaxın Şərqin digər ölkələri ilə bağlı ABŞ tərəfindən dağıdıcı addımlar atıldı və bütün bunlar konkret geosiyasi məqsədlərə xidmət edirdi”.
Əli Zülfüqaroğlu hesab edir ki, sonrakı proseslər göstərdi ki, 11 sentyabr əslində Vaşinqtonun öz maraqlarını həyata keçirməsi üçün istifadə etdiyi əsas arqumentlərdən biri oldu. Onun fikrincə, həmin hadisələr milyonlarla insanın həyatına son qoyan və Yaxın Şərqin siyasi taleyini dəyişən proseslərin ilkin mərhələsi kimi tarixə düşüb.
Siyasi şərhçi bildirib ki, artıq dünya ictimaiyyəti Yaxın Şərqlə bağlı pərdəarxası proseslərdə hansı güclərin rol oynadığı barədə əvvəlki dövrlərlə müqayisədə daha geniş məlumata malikdir. O bunu xüsusilə sosial şəbəkələrin və yeni medianın transmilli medianı geridə qoyması ilə əlaqələndirib: “Sosial şəbəkələr dünya ictimaiyyətinə təkcə hadisələri deyil, həm də onların arxasında duran məqamları göstərdi. Bu səbəbdən artıq hökumətlər ictimai rəyin təzyiqini nəzərə almağa məcburdurlar”.
Onun sözlərinə görə, məhz bu səbəbdən Avropa İttifaqı ölkələri də Yaxın Şərqlə bağlı istər ABŞ-ın, istərsə də İsrailin yürütdüyü siyasətə əvvəlki kimi birmənalı dəstək verməkdən çəkinirlər: “25 il sonra belə dünyanın tam təhlükəsiz olacağını söyləmək mümkün deyil. Əksinə, təhlükələr artıq daha fərqli formalarda davam edir. Hibrid hücumlar, Ukrayna müharibəsi, İran ətrafında baş verənlər, Tayvan məsələsi, ticarət yollarının təhlükəli vəziyyətə çevrilməsi, tədarük zəncirinə yaranan risklər, enerji böhranı və digər amillər göstərir ki, dünya daha təhlükəli mərhələyə daxil olub”.
Siyasi şərhçinin qənaətinə görə, geosiyasi böhran elə bir səviyyəyə çatıb ki, dövlətlərarası münasibətlər sistemində yeni yanaşmalar meydana çıxır, mövcud beynəlxalq institutlar funksionallığını itirməyə başlayır, bunun fonunda isə yeni hərbi blokların və beynəlxalq təşkilatların yaranması prosesi sürətlənir.
Əli Zülfüqaroğlu hesab edir ki, hazırda baş verən proseslər nəinki başa çatıb, əksinə, dünya hələ də qeyri-müəyyən mərhələdədir və yaxın perspektivdə bu böhranların sona çatacağını proqnozlaşdırmaq mümkün deyil.
“Artıq təhdid altında olmayan dövlət və xalq demək olar ki, qalmayıb və ölkələr hərbi, ideoloji, iqtisadi və digər istiqamətlərdə yeni müdafiə mexanizmləri hazırlamağa məcburdurlar. Sonda siyasi şərhçi qeyd edib ki, qarşıdakı illərdə qlobal risklər daha da artacaq və daha ağıllı, çevik siyasət yürüdən dövlətlər bu proseslərdən nisbətən az təsirlənəcəklər”-deyə, o, bildirib.
Yunis İsrəfilov