Advertisment

Əmək müqavilələrinin sayı 44,6 faiz artıb

Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü sosial dövlət konsepsiyanın əsasını təşkil edir. 2018-2026-cı illər ərzində 5 böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib.

Herbiand.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "İnsan kapitalına və gələcək bacarıqlara investisiya" mövzusunda keçirilən panel sessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb.

“Sosial müavinət və təqaüd ödənişlərinin həcmi 5 dəfə artaraq 2,1 milyard manata çatıb. Həmin dövrdə işlə təmin olunanların sayı 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 2,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 7,1 dəfə, işsizlikdən sığorta ödənişləri ilə əhatə olunanların sayı isə 4,3 dəfə artıb. Eyni zamanda, əmək müqavilələrinin sayı 44,6 faiz artaraq 1,86 milyona çatıb, əməkhaqqı fondu isə 3,4 dəfə artıb. Bu göstəricilər ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək bazarının şəffaflığının artırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin nəticələrini də əks etdirir”, - deyə Anar Əliyev vurğulayıb. / AZƏRTAC /