Advertisment

Bakını yükləyən kəndlər- Əkinçi niyə torpaqdan uzaqlaşır?

Son illər Bakıda müşahidə olunan nəqliyyat sıxlığı paytaxtın ən aktual problemlərindən birinə çevrilib. Küçələrdə avtomobillərin sayının artması xüsusilə günün pik saatlarında hərəkəti çətinləşdirir. Tıxaclar həm sürücülərin, həm də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin vaxt itkisinə səbəb olur. Nəqliyyat sıxlığı şəhərin ümumi hərəkət tempinə və gündəlik həyatın ritminə də təsir göstərir. Bu problemin həlli üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və alternativ hərəkət imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Problemi yaradan əsas səbəb nədir və məsələ necə həll etmək olar. Qeyd edək ki, Milli Məclisin üzvü Zahid Oruc da mediaya açıqlamasında Bakıdakı tıxacların əsas səbəbi kimi kəndlərdən paytaxta olan axını və daxili miqrasiyanı göstərib.

İqtisadçı Natiq Cəfərli Herbiand.az-a açıqlamasında əhalinin kəndlərdən və regionlardan Bakıya axın etməsi problemindən danışıb. O bildirib ki, bu məsələ müzakirə olunarkən rəsmi şəxslər və deputatlar nəticədən deyil, problemin yaranma səbəblərindən bəhs etməlidirlər: “Regionların inkişafı və Bakının sıxlıqdan azad edilməsi üçün təcili addımlar atılmalıdır. Lakin bu proses inzibati yolla deyil, təbii, üzvi və cəlbedici şəkildə həyata keçirilməlidir. Sıxlığı azaltmaq üçün bir sıra dövlət qurumları və ali təhsil müəssisələri paytaxtdan çıxarılaraq regionlara köçürülməlidir”.

N.Cəfərli köçürülməli dövlət qurumlarını adını sadalayıb. Onun sözlərinə görə, Kənd təsərrüfatı nazirliyi və digər dövlət qurumları, o cümlədən universitetlər Bakıdan kənara çıxarıla bilər.

 Regionlardakı mövcud vəziyyətə toxunan ekspert qeyd edib ki, bölgələrdə iqtisadi fürsətlər genişləndirilməli, insanların yaşayış və iş şəraiti yaxşılaşdırılmalıdır. Eyni zamanda paytaxtla regionlar arasındakı fərq aradan qaldırılmalı, sosial infrastruktur inkişaf etdirilməlidir.

Gənclərin regionlarda qalmaq istəməməsini haqlı səbəblərlə izah edən Natiq Cəfərli deyib: "Gənclər bölgələrdə qalmaq istəmirlər və bu məsələdə haqlıdırlar. Çünki iş və qazanc problemləri ilə yanaşı, sosial həyatın olmaması-teatr, kino və əyləncə məkanlarının yetərsizliyi də böyük maneədir. Bu problemlər ardıcıl şəkildə öz həllini tapmalıdır ki, məsələnin həllində real irəliləyiş əldə etmək mümkün olsun".

 

Yunis İsrəfilov

Herbiand.az