Advertisment

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Fransada lisey şagirdlərinin etiraz aksiyaları genişlənib. Daxili işlər naziri Loran Nunezin və milli təhsil naziri Eduar Jefrenin açıqladığı ilkin məlumata görə, çərşənbə günü ölkə üzrə 356 liseydə tədris prosesi pozulub, 625 nəfər saxlanılıb.

Herbiand.az xəbər verir ki, Loran Nunez bir gün əvvəl eyni vaxtda 338 təhsil müəssisəsində müşahidə olunan aksiyaların daha da genişləndiyini bildirib. Nazir bəzi liseylərdə zorakılığın əhəmiyyətli dərəcədə artdığını qeyd edib. Gün ərzində 83 təhlükəsizlik əməkdaşının yaralandığı açıqlanıb.

Nazir, həmçinin aksiyalara lisey şagirdləri ilə yanaşı, blokadalarda iştirak edən digər şəxslərin də qoşulduğunu bildirib. Sevran, Tur və Sen-Duen şəhərlərində polis müdaxilələri ilə bağlı Milli Polis Baş Müfəttişliyi (IGPN) tərəfindən üç araşdırma başladılıb.

Milli təhsil naziri Eduar Jefre isə etirazların başladığı cümə günündən etibarən 119 şagird və təhsil işçisinin yaralandığını, onların 34-nün təhsil işçisi olduğunu açıqlayıb. Bununla yanaşı, nazir etirazların şagirdlərin narahatlıqlarını və tələblərini ifadə etmək ehtiyacından qaynaqlandığını bildirib. Hökumət lisey şagirdlərinin müraciətlərini dinləmək məqsədilə gələn həftədən milli məsləhətləşmə platformasının yaradılacağını açıqlayıb.

 

Nazirliyin planına əsasən, liseylərdə şagird şuraları toplanacaq, seçilmiş nümayəndələr yerli hakimiyyət orqanları ilə görüşəcəklər. Hökumət, həmçinin şagirdlərin dərslərə qayıtmasını, tələblərini ifadə etmək imkanlarının qorunmasını istəyir.

 

Yeni etiraz aksiyasının cümə axşamı keçirilməsi gözlənilir.