Advertisment

“Bizə heç kim diktə edə bilməz: Müstəqil siyasətimiz milli maraqlara söykənir” – Politoloq

Müasir geosiyasi reallıqlar dövlətlərin xarici siyasət kursunu milli maraqlar əsasında müəyyənləşdirməsini getdikcə daha zəruri edir. Böyük güc mərkəzləri ilə münasibətlərdə milli maraqların qorunması və xarici təzyiqlərə qarşı dayanıqlı mövqe nümayiş etdirilməsi mühüm amillərdən biri hesab olunur. Azərbaycan da müxtəlif istiqamətlərdən gələn siyasi təzyiqlər fonunda öz milli və dövlət maraqlarını əsas götürən xarici siyasət kursunu davam etdirir. Bakı eyni zamanda müxtəlif ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı olduğunu bəyan edir. Bəs Azərbaycanın müstəqil siyasəti beynəlxalq münasibətlər sistemində hansı nəticələri ortaya qoyur və ölkə müxtəlif güc mərkəzləri ilə münasibətlərini necə tənzimləyir?

Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, politoloq Emin Həsənli bildirib ki, siyasi təzyiqlərin hansı istiqamətdən gəlməsindən asılı olmayaraq, istər Qərbdən, istər Şimaldan, istərsə də Cənubdan – Azərbaycan dövləti öz mövqeyini qətiyyətlə ortaya qoyur və adekvat cavab verir.

“Bu, Azərbaycanın müstəqil xarici siyasət kursunun və milli maraqlarını əsas götürən yanaşmasının göstəricisidir. Dövlət müxtəlif güc mərkəzləri ilə münasibətlərində öz maraqlarını qorumağa və qərarlarını müstəqil şəkildə qəbul etməyə çalışır. Bu siyasətin əsas məqsədi Azərbaycanın milli təhlükəsizliyinin, suverenliyinin və dövlət maraqlarının təmin edilməsidir. Keçən dövrün siyasi proseslərinə nəzər saldıqda görürük ki, Azərbaycan müxtəlif vaxtlarda ABŞ, Rusiya, İran və Avropa ölkələrindən, xüsusilə Fransadan gələn müxtəlif siyasi təzyiqlərlə üzləşib. Azərbaycan dövləti bu təzyiqlər qarşısında öz mövqeyini qoruyub və Prezident İlham Əliyev ən yüksək səviyyədə bu məsələlərə münasibət bildirərək ölkənin müstəqil siyasət yürütmək əzmini dəfələrlə ifadə edib. Azərbaycanın xarici siyasətinin əsasını milli maraqlar, dövlət suverenliyi və milli təhlükəsizliyin qorunması təşkil edir. Eyni zamanda, Bakı müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlərə əsaslanan əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirir”.

Politoloq deyib ki, Azərbaycan hər zaman milli və dövlət maraqlarını əsas götürən siyasət yürüdür, eyni zamanda dünya ölkələri ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında normal münasibətlər qurmağa çalışır. “Təbii ki, bu münasibətlərin davamlı və sağlam olması üçün tərəflərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqil qərarvermə hüququna hörmətlə yanaşması vacibdir. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa açıqdır və dövlətlərarası münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsipini əsas götürür. Qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət münasibətlərin daha etibarlı və dayanıqlı şəkildə inkişafına imkan yaradır. Beynəlxalq hüquqa və hörmət etməlidirlər Azərbaycanın dövlət müstəqilliyinə, hörmət etməlidirlər. Hörmət edən ölkələr qarşılıqlı hörmət görür, Azərbaycan çox yaxşı, etibarlı tərəfdaşdır. Hörmət etməyən dövlətlər isə layiqli cavabını alır. Bu belə də olacaq”-deyə, o, bildirib.

 

Məhəmməd Əliyev

Herbiand.az