Çin 2030-cu ilə qədər düşmən peyklərini sıradan çıxarmaq üçün nəzərdə tutulmuş enerji silahlarını orbitə yerləşdirə bilər. Bu proqnoz ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) hesabatında yer alıb.
Herbiand.az bildirir ki, bu barədə "The War Zone" (TWZ) qəzeti yazıb.
Sənəddə deyilir ki, bu qabaqcıl sistemlər kosmik gəmilərdəki optik sensorları hədəfə ala, onların işini müvəqqəti olaraq poza və ya dönməz zərər verə bilər. Lakin Çin silahlarının dəqiq texniki xüsusiyyətləri məlum deyil. Hesabatda həmçinin, bu cür sistemlərin artıq kosmosda yerləşdirildiyinə dair heç bir təsdiq yoxdur.
ABŞ kəşfiyyat rəsmiləri Çinin təkrar istifadə edilə bilən "Shenlong" kosmik gəmisini potensial buraxılış vasitəsi kimi müəyyən ediblər. O, uzun müddət orbitdə qala, trayektoriyasını dəyişdirə və digər obyektlərlə yaxınlaşa bilər.
Lazer şüalanması müvəqqəti olaraq peyk optikasını kor edə bilər və kifayət qədər güclüdürsə, həssas komponentlərə zərər verə bilər. Mikrodalğalı sistemlər potensial olaraq göyərtədəki elektronikanı poza və ya sıradan çıxara bilər.
Lakin Pentaqonun narahatlıqları yalnız perspektivli orbital sistemlərlə məhdudlaşmır. ABŞ kəşfiyyatının hesablamalarına görə, Çinin artıq aşağı Yer orbitində peykləri hədəfə ala bilən yerüstü lazerləri var. Pekin eyni zamanda, elektron əks tədbirlərini və peyk əleyhinə raketlərini təkmilləşdirir.
Bütün bunlar isə Starlink və Starshield peykləri üçün potensial təhlükə yaradır. Bundan əlavə, cari onilliyin sonuna qədər Çin əks-kosmik imkanlarını daha yüksək orbitlərə genişləndirə bilər.
Bəxtiyar CƏFƏRLİ