1920-ci illərdə Türkiyədə Osmanlı səltənətinin və xilafətinin ləğv edilməsi, cümhuriyyətin elan olunması ölkənin siyasi və ictimai tarixində köklü dəyişikliklərə yol açdı. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində əsrlər boyu mövcud olmuş monarxiya idarəçiliyi sona çatdı, dövlətin dünyəvi əsaslar üzərində yenidən qurulması istiqamətində addımlar atıldı. Bəs bu dəyişikliklər tarixi zərurətdən irəli gəlirdi? Monarxiyanı və xilafəti fərqli formada qoruyub saxlamaq mümkün idimi?

Politoloq Asif Nərimanlı Herbiand.az-a açıqlamasında Osmanlı imperiyasının dağılmasının səbəbləri, Türkiyə Cümhuriyyətinin yaranması, XX əsrdə formalaşan yeni dünya nizamı və gələcəkdə xilafətin yenidən qurulması perspektivləri barədə fikirlərini bölüşüb.
Asif Nərimanlı bildirib ki, Osmanlı imperiyasının süqutu bir sıra daxili və xarici amillərlə şərtlənirdi. Onun sözlərinə görə, imperiyanın daxilində hökm sürən siyasi və iqtisadi problemlər, ənənəçilərlə yenilikçilər arasında yaranan ziddiyyətlər, eləcə də müasir dünyanın inkişaf tempinə uyğunlaşa bilməməsi bu prosesə təsir göstərən əsas amillər idi. Bununla belə, politoloq hesab edir ki, Osmanlı imperiyasının və xilafətin süqutunu yalnız daxili problemlərlə izah etmək doğru olmaz. Onun fikrincə, bu proses, eyni zamanda, XX əsrdə yeni dünya nizamının formalaşdırılması ilə birbaşa bağlı idi: “Əsas məsələ XX əsrin siyasi prosesləri ilə bağlıdır. XX əsrə qədər dünyada monarxiyalar və imperiyalar dövrü hökm sürürdüsə, Birinci Dünya müharibəsindən sonra imperiyaların dağılması və monarxiyalara son qoyulması prosesi müşahidə olunub. Bu təkcə Osmanlı imperiyası ilə bağlı olan məsələ deyildi, məsələn, Rusiya imperiyası da belə dağıldı. Onun yerində SSRİ qurulsa belə, artıq Rusiyadakı monarxiya sisteminin sonu çatmışdı. Hətta qlobal səviyyədə güclü təsir gücü olan Böyük Britaniya imperiyası belə bu dağılma prosesinə uyğunlaşmaq istiqamətində addım atdı. Yəni imperiya müstəqillik tələb edən bir çox ölkənin bu istəyini arxa planda daha çox təsir imkanlarını saxlamaq şərtilə qəbul etdi”.
Politoloq vurğulayıb ki, bu proses qlobal miqyasda baş verən dəyişikliklərin tərkib hissəsi olub və əsas məsələlərdən biri monarxiyaların sona çatması, imperiyaların dağılması idi. Onun sözlərinə görə, Osmanlı imperiyası da həmin dalğanın nəticəsində süqut edib: “Osmanlı imperiyasının ərazilərinin bölüşdürülməsi ilə bağlı müəyyən planlar mövcud olsa da, baş verənləri yalnız Osmanlıya qarşı yönəlmiş proses kimi qiymətləndirmək düzgün olmazdı. XX əsrdə yeni siyasi xəritə formalaşıb, dağılan imperiyaların əraziləri yenidən bölüşdürülüb və bir çox ölkə hüquqi baxımdan müstəqillik əldə edib. Burada həmin ərazilər hər hansı bir digər imperiyaya keçmədi. Bir çox ölkə müstəqilliyini qazandı. De-fakto bu ölkələr üzərində qlobal güclərin təsir imkanları gücləndi. Ümumi olaraq tarixə baxdıqda proses imperiya imperiyaların dağılması və monarxiyaların son qoyulması prosesinin dalğasının bir tərkib hissəsi idi”.
A.Nərimanlı deyib ki, Türkiyə Cümhuriyyətinin yaradılması türklərin öz dövlətlərini qorumaq uğrunda apardıqları mübarizənin tərkib hissəsi idi: “Osmanlı imperiyası dağılanda ərazilərin böyük hissəsi bölüşdürülmüşdü və türklərin hazırkı Türkiyə ərazisinin mühüm hissəsi üzərində nəzarəti itirmək təhlükəsi yaranmışdı. Həmin dövrdə Vilsonun 14 maddəli planı da müzakirə olunan məsələlərdən biri idi. Onun fikrincə, Türkiyə Cümhuriyyətinin hazırda nəzarət etdiyi ərazilərin böyük hissəsinin bölüşdürülməsi nəzərdə tutulurdu, hətta İstanbulun da türklərə verilməməsi məsələsi gündəmdə idi.
Məhz Türkiyə dövlətini qorumaq istəyən qüvvələrin mübarizəsi nəticəsində cümhuriyyət öz nəzarətini hazırkı əraziləri üzərində təmin edə bildi. Bu prosesdə də ən mühüm rolu oynayan lider kimi Mustafa Kamal idi. Yeni iqtidar İstanbulun qorunmasından tutmuş, digər ərazilərin saxlanmasına qədər proseslərdə gərgin mübarizə apardılar. Türkiyə Cümhuriyyətinin dünyəvi sistemə keçməsi, dini və şəriət idarəçiliyinin ləğv edilməsi də həmin dövrün reallıqları ilə bağlı idi. Osmanlı imperiyasının mirasına və xilafətin bərpasına iddia etmədiyini göstərmək yeni Türkiyə dövlətinin beynəlxalq mövqeyi baxımından əhəmiyyət daşıyırdı.
Atatürkün Osmanlı idarəçiliyinə qarşı yönəlmiş addımları bəzən bu gün də mənfi və ya aqressiv qiymətləndirilsə də, həmin addımların arxasında Türkiyə Cümhuriyyətini qorumaq məqsədi dayanırdı. Həmin dövrdə Cümhuriyyəti quran Atatürk həm də dünyaya göstərməli idi ki, onun Osmanlı imperiyasını yenidən qaytarmaq, xilafəti yenidən qurmaq iddiaları yoxdur. Türkiyə Cümhuriyyətini faktiki olaraq bu cür qoruya bilərdi”.
Siyasi şərhçiyə görə, səltənətin və xilafətin qorunub saxlanılması həmin dövrdə mümkün görünmürdü: “Məsələ yalnız Osmanlı imperiyasının daxili problemləri ilə məhdudlaşmırdı, bütövlükdə XX əsrdə yeni dünya nizamının formalaşması, monarxiyaların sona çatması və imperiyaların dağılması ilə əlaqəli idi”. Bəs gələcəkdə Türkiyə Cümhiriyyətində islam xilafətinin qurulması mükündürmü?
Politoloq deyib ki, bu istiqamətdə ideyalar və istəklər mövcud olsa da, qlobal siyasi reallıqlar belə bir layihənin həyata keçirilməsini çətinləşdirir.
“Məsələ təkcə, dini ənənələrə tabe olmaq və yaxud da dini həyat tərzi keçirmək məsələsi deyil. Xilafətin qurulması üçün böyük resurslar, yəni güclü dövlət lazımdır. Həmin dövlətin bütünlülüklə islam dünyası üzərində təhsil imkanları olmalıdır. Bu gün İslam dünyası bir neçə ölkə və regional güc arasında parçalanmış vəziyyətdədir. Müəyyən yaxınlaşmalar olsa da, İslam dünyasının bütövlükdə birləşməsi potensialı zəif görünür. Səudiyyə Ərəbistanı müəyyən coğrafiyada öz liderliyini önə çıxarmağa çalışır, İran xüsusilə “müqavimət oxu” adlandırdığı coğrafiyada üstünlüyünü elan edir. Türkiyənin də mövcud hakimiyyətinin bu istiqamətdə müəyyən ambisiyaları var.
Nə bu üç ölkədən hər hansı biri təkbaşına yenidən xilafət qurmaq potensialına malikdir, nə də onların birləşərək İslam dünyasında vahid birlik yaratması real perspektiv kimi görünür”-deyə, o bildirib.
Yunis İsrəfilov