Advertisment

Şəhid Qəşəm Səfərovun əziz xatirəsi ehtiramla yad edilib

Şəhid Qəşəm Səfərovun əziz xatirəsi ehtiramla yad edilib

2 noyabr 2026-cı il tarixdə Şahbuz rayonunda Vətən müharibəsi şəhidi, əsgər Səfərov Qəşəm Taməddin oğlunun anım günü münasibətilə mərasim keçirilib.

Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə veteranları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşları şəhidin məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Mərasimdə məzar önünə gül dəstələri düzülüb, şəhidin ruhuna dualar oxunub.

Anım mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva, şəhidin ailə üzvləri, hərbçilər, polis əməkdaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. İştirakçılar Vətən uğrunda canından keçən qəhrəmanımızın xatirəsini dərin ehtiramla anıblar.

Qeyd edək ki, Səfərov Qəşəm Taməddin oğlu 1 noyabr 1997-ci ildə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olub. Hərbi təhsil alan Qəşəm Səfərov Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi sahəyə böyük marağı və Vətənə bağlılığı ilə seçilən qəhrəmanımız 2020-ci ilin avqust ayında yenidən ordu sıralarına qayıdaraq Şahbuz rayonunda yerləşən hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü qatılan Qəşəm Səfərov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə iştirak edib. O, 31 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 3-də doğulduğu Yuxarı Qışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Qəşəm Səfərov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Vətən torpağının azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçən Qəşəm Səfərov kimi qəhrəmanlarımızın şərəfli ömür yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Onların əziz xatirəsini yaşatmaq, şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.

 

Bəxtiyar Əliyev