Advertisment

Naxçıvanda şəhid ailələrinin və qazilərin iştirakı ilə Zəfər tədbiri keçirilib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir təşkil olunub.

Tədbirdə hərbi qulluqçular, kursantlar, Naxçıvan Muxtar Respublikasından olan şəhid ailələrinin üzvləri, qazilər və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə çıxış edən ordu zabiti 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətdən, qazanılan tarixi Qələbənin xalqımızın milli qürur və həmrəyliyinin təcəssümü olmasından bəhs edib.

Şəhid ailələri adından çıxış edən şəhid atası Mayis Gülməmmədov Zəfərin qazanılmasında şəhidlərimizin misilsiz fədakarlığından söz açıb, onların əziz xatirəsinin daim uca tutulmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.

Tədbir çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun tam orta məktəbinin şagirdlərinin və şəxsi heyətin birgə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiyada Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, xalqımızın Zəfər sevinci və şəhidlərimizin əziz xatirəsi bədii ifadəsini tapıb.

Ardınca Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı müvafiq sərəncamla təltif edilən hərbi qulluqçuların mükafatlandırılması mərasimi keçirilib.

Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Bəxtiyar Əliyev
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi